Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.

Unikal.org xəbər verir ki, bu barədə "Azpetrol” şirkətindən bildirilib.

Şirkətdən deyilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 qəpiyə qaldırılıb. 

"Qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, - deyə “Azpetrol”dan bildirilib. 

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "APA-Economics"ə  bildirib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir.

“Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər", - deyə İ. Əhmədov qeyd edib.