Anadolu türklərindən Qarabağ harayı
Anadolu türklərindən Qarabağ harayı

100-dən çox türkiyəli qadın və kişi Qarabağda döyüşmək üçün müraciət etdi

Türkiyədə bir qrup qadın və kişi xüsusilə Ermənistan prezidenti Serj Sarkisyanın son günlər verdiyi bəyanatlara etriazlarını bildirmək məqsədilə Qarabağda döyüşmək üçün könüllü olmaq istədiklərini açıqlayıblar.

ASİM-DER mətbuat mərkəzindən verilən məlumata görə, Əslsiz erməni İddiaları ilə Mübarizə dərnəyi (ASİM-DER) və Gənclik Klubu Dərnəyinin (GENÇ-DER) üzvü olan 100-dən çox İğdır sakini bu məqsədlə yazdıqları ərizələri Azərbaycanın Qars konsulluğunun bu şəhərdəki nümayəndəliyinə təhvil veriblər. Nümayəndəliyin əməkdaşları isə qəbul etdikləri ərizələri lazımi yerlərə çatdırılacağını deyib.
Keçirilən aksiya barədə mətbuata açıqlama verən ASİM-DER rəhbəri Göksel Gülbey bu addımlarının səbəbi kimi Ermənistan prezidenti Sarkisyanın son günlər Qarabağ barədə verdiyi bəyanatları göstərib. Sarkisyanın, "Qarabağ qanla alınıb, qanla veriləcək" - deyərək Azərbaycanı hədələdiyini xatırladan Gülbey iğdırlı Azərbaycan türklərinin lazım olacağı təqdirdə könüllü olaraq Qarabağda döyüşəcəyini vurğulayıb.
Açıqlamasında ermənilərə də səslənən Göksel Gülbey onları Sarkisyana dəstək verməməyə çağırıb. "Burdan bütün ermənistan xalqına səslənirik. O təxribatçı və uşaq qatili prezidentinizi aşağıya endirin. Əks təqdirdə meydana gələcək döyüşdən Ermənistan da, erməni ictimaiyyəti də ziyanla çıxar".
Dərnək üzvləri daha sonra Qarabağa dəstək şüarları səsləndiriblər.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, "Dağlıq Qarabağ problemi yaranandan bəri münaqişə edən tərəflər arasında heç zaman danışıqlar getməyib. İnanmıram ki, kimsə bu fikrin əksini təsdiq edən bircə fakt ortalığa qoya bilə. İndiyə qədər aparılmış və bundan sonra da aparılacaq rəsmi danışıqlar da elə müharibənin davamı deməkdir. Və bunu da yaddan çıxarmayaq ki, Dağlıq Qarabağda ilkin atəş də elə ermənilər tərəfindən açılıb, bu savaşı biz başlatmamışıq. Sözümün canı odur ki, savaşı yalnız savaşla durdurmaq olar, başqa cür mümkün deyil".
QAT sədrinin sözlərinə görə, "Anadolu türklərinin bu addımı sosial sifarişin təzahürüdür. Azərbaycan Respublikası tarixi və qanuni ərazisi olan Dağlıq Qarabağ uğrunda savaşa başlasa, təkcə Türkiyədən deyil, Güney Azərbaycandan, Gürcüstandan, İslam ölkələrindən, Avropadan və Rusiyadan da köməyimizə gələnlər çox olacaq. Bu savaş meydanında biz tək qalmayacağıq".
QAT sədri iddia edir ki, "Biz əvvəldən də demişik ki, Dağlıq Qarabağ problemi yalnız müharibə yolu ilə həll edilə bilər. Bu iddiamızı tarix də sübut edir. Yalvarmaqla donuz darıdan çıxmaz. Mənə elə bir tarixi nümun ə göstərin ki, işğalçı qüvvə öz xoşuna olaraq işğal etdiyi ərazini tərk etsin. Belə faktlar çox nadir hallarda qeydə alına bilər və bunu Dağlıq Qarabağ probleminin həllinə şamil etmək, sadəcə, mümkün deyil".
Akif Nağının sözlərinə görə, "Ara-sıra müharibə bəyanatı verməklə cəmiyyətdə heç bir əhvali-ruhiyyə yaratmaq mümkün deyil. Azərbaycanın telekanalları hər şeydən danışırlar, təkcə Dağlıq Qarabağdan başqa. Arsız müğənnilərin qarderoblarını həvəslə nümayiş etdirirlər, amma Azərbaycan insanının döyüş ruhunun yüksəldilməsi üçün bircə kadr da ortalığa qoymurlar. Bu qayda ilə savaşa hazırlaşmaq olmaz. İstər-istəməz belə bir nəticə çıxır ki, Dağlıq Qarabağın savaş yolu ilə azad ediləcəyi barədə bəyanatlar quru bəyanatdan başqa bir şey deyil".
Sədr hesab edir ki, "Anadolu türklərinin atdığı addım həm də bizim cəmiyyət üçün ciddi qınaqdır. Bunu artıq hamı etiraf edir ki, Azərbaycanın iqtisadiyyatı gündən-günə güclənir və bununla paralel olaraq ölkəmizin hərbi potensialı da artmaqdadır. Ona görə də biz gec-tez bu savaşı udacağıq. İstənilən halda belə hesab edirəm ki, 50 milyonluq Azərbaycan türkü dövlətimizin hərəkətə keçməsini gözləyir. Savaş əmri verilən kimi bu xalq öz sözünü deyəcək. Bu savaşın coğrafiyası Dağlıq Qarabağ və onun ətraf rayonları ilə məhdudlaşacaqsa da, onun arxa cəbhəsi Anadoludan, Təbrizdən, Borçalıdan, Dağıstandan və bütün müsəlman dünyasından keçəcək".
QAT sədri sonda bildirdi ki, "Buna görə də orta məktəblərimizdə, ölkənin ali təhsil müəssisələrində hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün ardıcıl şəkildə işlər görülməlidir. Bütün cəmiyyətin döyüş ruhunun artması əsas hədəfimizə çevrilməlidir. Lakin çox təəssüflər olsun ki, biz bunu görmürük. Dağlıq Qarabağ uğrunda sözdən fəaliyyətə keçməyin vaxtı çoxdan yetişib".
Adil