"Hafka" ləqəbli Hafiz Məmmədovun rəhbəri olduğu, hazırda fəliyyətini dayandırmış “Bakı” klubunun sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycan Premyer Liqası ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Rusiyanın “İzevstiya” nəşrinə danışan serbiyalı mütəxəssis, çempionatda inkişafın olmadığını bildirib:

“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır. Mən orda çalışanda, əsas liqada 10 komanda var idi. İndi isə 8 komanda qalıb ki, bu da çox azdır. Mən orda işləyəndə güclü legionerlər var idi, indi demək olar ki, onlar qalmayıblar. Bundan başqa, çempionatda rəqabət də yoxdur. Rəqabət yoxdursa, irəliləyiş də ola bilməz. “Qarabağ” digər komandalardan bir neçə dəfə üstündür. Mövsüm başlamazdan əvvəl “Qarabağ”ın çempion olacağını əminliklə demək olar. Hətta “Neftçi”nin də liderlə rəqabət aparmaq imkanı yoxdur”.

53 yaşlı mütəxəssis 2013-2014-cü illər mövsümündə “Bakı”nın “sükanı arxasında” olub.

Xatırladaq ki, “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç 2016-cı ildə verdiyi müsahibəsində "Hafka" haqqında bu sözləri demişdi:

"Hafiz Məmmədovla mənim aramda çox yaxşı dostluq münasibəti var, biz dostuq. Dost da həmişə dar gündə tanınar. Mən “əsgər”əm, Hafiz Məmmədov da mənim “general”ım".