Bakı şəhər sakini Rafiq İsmayılov Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi ilə bağlı məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə,  Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib. 

Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun digər cinayət əməllərində də əlinin olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin  bir neçə gün öncə daha 3 vətəndaşa məxsus  fərdi yaşayış evinə daxil olaraq oğurluq etdiyi məlum olub.  Oğurlanan əşyaların  müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı olaraq Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.