Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Azİİ e-Kitab Evində “Fərman Salmanov. Məqsədə doğru gedən yol” miniatür kitabının təqdimat mərasimi keçirilib. Çox zərif kağız işini Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, dünyada yeganə Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova həyata keçirib.

Unikal.org xəbər verir ki, DNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamladıqdan sonra Fərman Salmanovun həyat yolu, əzmkarlığı və onun neft kəşfiyyatı sahəsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Rektor bildirib ki, F.Salmanov hələ gənc yaşlarından bir neftçi kimi çox böyük fədakarlıq göstərib, nə qədər çətin olsa da, o, rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə başadığı yolu uğurla sona çatdıra bilib. Fərman Salmanov Qərbi Sibirdə, Tümendə və yaxın regionlarda 130-dan artıq nəhəng neft-qaz yatağını kəşf edib və ya onların kəşfində iştirak edib. Bu gün həmin mənbələrdən hasil olunan neft Rusiya Federasiyasının neft hasilatının 46,8%-ni təşkil edir. Rektor M.Babanlı Z.Salahovanın F.Salmanov haqqında yazdığı miniatür kitabı çox yüksək dəyərləndirib və bu vəsaitin təkcə universitet üçün yox, hər bir azərbaycanlı üçün dəyərli hədiyyə olduğunu diqqətə çatdırıb.  O vurğulayıb ki, Z.Salahova kimi kitab, elm fədaisinin F.Salmanov kimi neft cəfakeşi haqqında belə bir əsər yaratması gözlənilən idi.

Əməkdar Mədəniyyət işçisi Zərifə Salahova rəhbəri olduğu Miniatür Kitab Muzeyi, oradakı dəyərli kitablar haqqında məlumat verdikdən sonra neftçi, geoloq alim F.Salmannov haqqında danışıb. Qeyd edib ki, onun hazırladığı çoxsaylı dəyərli kitablardan biri də “Fərman Salmanov. Məqsədə doğru gedən yol” miniatür kitabıdır. Bu kitab 296 səhifədən ibarətdir, ölçüləri isə 50x60 millimetrdir. Kitabçada 30 fotoşəkil də yer alıb.

SOCAR-ın Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitunun direktor müvini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov əmisi F.Salmanovun xidmətləri haqqında yazılmış belə gözəl kitaba və təqdimata görə minnətdarlığını bildirib. O qeyd edib ki, Z.Salahovanın F.Salmanov haqqında yazdığı bu kitab onun xidmətinə verilən yüksək dəyərdir. 

Sonda Zərifə Salahova Fərman Salmanov haqqında miniatür kitabın bir neçə nüsxəsini və görkəmli azərbaycanlı neftçinin Qərbi Sibirdə neft hasilatı ilə bağlı fəaliyyəti ilə bağlı daha bir neçə nəşr və vəsaiti ADNSU-ya hədiyyə edib. Həmin kitablar Azİİ-e Kitab Evində Fərman Salmanov haqqında kitabların yer aldığı rəflərdə yerləşdirilib. Azİİ-e-Kitab Evinin oxucuları həmin kitablarla yaxından tanış olduqdan sonra Zərifə Salahovanın universitetə hədiyyə etdiyi kitab və vəsaitlər Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzində yaradılmış xüsusi guşədə nümayiş etdiriləcəkdir.