Noyabrın 18-də səhər Batumi-Tbilisi istiqamətində hərəkət edən sərnişin avtobusu Kutaisi dairəvi yolunda yanıb.

Unikal.org AZƏRTAC-a istinadla xəbər verir ki, avtobusda 50-dək sərnişin olub.

Şahidlərin verdikləri məlumata görə, onların arasında Azərbaycan vətəndaşları da var. Sərnişinlər vaxtında təxliyə olunublar.

Məlumata görə, avtobus Türkiyənin “Metro Georgia” şirkətinə məxsusdur. Hələlik yanğının hansı səbədən baş verməsi barədə məlumat verilmir.

Qəzada vətəndaşlarımızın və ya soydaşlarımızın xəsarət almaları barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Batumidəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.

Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər olarsa konsulluq dərhal həmin şəxslərin vəziyyəti ilə maraqlanacaq və onlara lazımı yardımlar göstəriləcək.