Bakıda qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətovla birgə ittiham edilən Cavid Alxazov barəsində olan hökmdən kassasiya şikayəti verib. 

Unikal.org xəbər verir ki, məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

Şikayət hakim Fərhad Kərimovun icraatına verilib. 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. Daha sonra A.Hümmətov, F.Məmmədzadə, E.Alxazov, R.Əsirov, E.Əsirov və C.Alxazov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Hümmətov 5 il, Fuad Məmmədzadə 15 il, Elmir Alxazov 15 il, Ramil Əsirov 15 il, Cavid Alxazov 5 il azadlıqdan məhrum edilib. E.Əsirov barəsində isə bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərə narkotik ittihamı üzrə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlərlə təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə isə hökmü dəyişdirmədən saxlayıb. Daha sonra prokurorluq və zərərçəkmiş tərəf və təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib. 

Ali Məhkəmənin qərarına əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.  

A.Bəylərin qardaşı barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Prokuror və zərərçəkmişlər isə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.

Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

Ali Osmanov