Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimlə görüşüb.

Unikal.org xəbər verir ki, rektor bildirib ki, görüşün məqsədi Azərbaycan Texniki Universitetinin ərəb ölkələrində daha yaxından tanıdılmasıdır. 

Azərbaycanda iqtisadiyyatın və sənayenin inkişafından danışan Vilayət Vəliyev bunun müasir təhsil modelində tətbiqinin vacibliyini vurğulayıb. O, rektor təyin olunduğu son 3 ay ərzində fakültələrin yenidən təşkil olunduğunu, universitetlə əmək bazarı arasında  məsafənin qısaldılması istiqamətində mühüm işlər görüldüyünü bildirib. Ərəb ölkələrində ən çox maraq doğuran süni intellekt, robototexnika kimi ixtisasların inkişaf etdirilməsi üçün bir sıra işlər görüldüyünü deyib. 

Dəvətə görə təşəkkür edən Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Azərbaycanın islam dövlətləri arasında ən müasir ölkə olduğunu bildirib. Azərbaycan və ərəb ölkələrinin mədəniyyətlərinin  çox yaxın olması, eyni zamanda   buranın təhlükəsiz ölkələr sırasında qərarlaşması tələbələrin daha rahat təhsil almalarını şərtləndirən əsas amillərdəndir.  

Səfir AzTU-nun daha yaxından tanıdılması üçün  ilk olaraq ingilis və ərəb dillərində bukletlərin hazırlanıb ərəb ölkələrində, xüsusilə də Fələstində yayılmasının vacibliyini diqqətə çatdırıb. Bukletlərdə həm Azərbaycan, həm də universitet haqqında geniş məlumatın olması tələbələrin ölkə və oradakı təhsil sistemi ilə yaxından tanış olmalarına imkan yaradacaq. Səfir gələcəkdə Azərbaycan Texniki Universitetinin diplomlarının ərəb ölkələrində tanınması istiqamətində yaranmış bütün problemlərin həll olunacağını da bildirib.