Azərbaycandan Avstraliyaya “buz” adı verilən iri həcmdə narkotik mənşəli  kimyəvi pereparat idxal edən şəxs bu gün Sidney məhkəməsi qarşısına çıxarılır.

Unikal.org Avstraliya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan hava karqosu ilə göndərilən və yumşaq materiala bükülü olan, beş bağlamadan ibarət həmin narkotik maddə 2019-cu il sentyabrın 8-də Sidney aeroportunda ələ keçirilib. 

Avstraliya sərhəd qoşunlarının vəzifəli şəxsləri bağlamalardan birini açanda orada metamfitamin  tərkibli narkotik maddənin gizlədildiyini müəyyən ediblər. “Müəyyən edilib ki, hər bağlamada 1.5 kiloqrama yaxın pereparat var”,-polisin yaydığı məlumatda deyilir. Polis bildirir ki, “buz” adlanan həmin narkotik maddənin cəmi ağırlığı 7.5 kiloqram olub və parakəndə satış qiyməti ilə dəyəri 5.6 milyon dollar edir.

Virtualaz.org-ın məlumatına görə, yükün aşkar edilməsindən iki həftə sonra polis Sidney ətrafındakı Castle Hill rayonunda yaşayan 48 yaşlı Artu Zahed adlı şəxsi həbs edib. Ona qarşı “buz” kimi tanınan narkotik maddəni böyük miqdarda, satış məqsədi ilə ölkəyə gətirmək ittihamı irəli sürülüb. Şəxs saxlanılıb, onun girov əvəzində sərbəst buraxılması istəyi rədd edilib. Həmin şəxs bu gün noyabrın 21-də yenidən Feyrfild rayon məhkəməsi qarşısına çıxarılacaq.