Yaponiyanın Osaka şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri start götürüb.

Unikal.org  xəbər verir ki,  ilk yarış günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulub. Qadınlardan 48 kq çəkidə çıxış edənlər - Əliyeva Leyla 1/16 finalda Edna Karrilloya (İtaliya) uduzub. Aişə Qurbanlı isə eyni mərhələdə Harriet Bonfeysə (Malavi) qalib gəlsə də, Natsumi Tsunoda (Yaponiya) ilə bacarmayıb. 52 kq çəkidəki Gültac Məmmədəliyeva 1/16 finalda Kristina Blanaruya (Moldova) məğlub olub.

Kişilərdə 60 kq çəkidə yer alanlar - Kəramət Hüseynov 1/16 finalda Yanislav Gerçevi (Belarus) üstələsə də, növbəti raundda Yunq Vei Yanqa (Çin Taybeyi) uduzub. Mübarizəyə eyni mərhələdən başlayan Davud Məmmədsoy Elios Manzidən (İtaliya) güclü olsa da, 1/8 finalda Naohisa Takatoya (Yaponiya) yenilib.

66 kq-da Nicat Şıxəlizadə Beslan Muradov (Rusiya) və Osniel Solisi (Kuba) məğlub etsə də, 1/4 finalda Yoşiro Maruyamaya (Yaponiya) uduzub. O, təsəlliverici görüşdə Daniel Roman Perezlə (İspaniya) qarşılaşıb.

 Nicat Şıxəlizadə bürünc medal şansını da əldə verib. 66 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı təsəlliverici görüşdə ispaniyalı Daniel Roman Perezə uduzub və 7-ci yerlə kifayətlənlənib.

Eyni çəkidə Orxan Səfərov isə 1/32 finalda Jülyen Frasadoru (Kanada) üstələsə də, Mixail Pulyayevi (Rusiya) keçə bilməyib.

Qeyd edək ki, yığma 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək nüfuzlu turnirə 8 kişi və 5 qadın cüdoçu ilə qatılıb.