Bu gün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin (ETSİM) təşkilatçılığı ilə “İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Unikal.org xəbər verir ki, konfransda iqtisadi tədqiqatlarda innovasiyalar, statistik istehsal proseslərində innovasiyaların tətbiqi, sosial-iqtisadi proseslərin modelləşdirilməsi, rəqəmsal iqtisadiyyatda keçid perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.    

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov qeyd edib ki, Komitə rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasına, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafına, həmçinin statistik məlumatlara olan inamın artırılmasına nail olmaq üçün rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verir. 

Plenar sessiyada Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev Mərkəzin fəaliyyəti, konfransın keçirilməsinin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Aqrar sahənin inkişafının iqtisadiyyata təsiri”,  Azərbaycan Texniki Universiteti rektorunun dayanıqlı inkişaf, innovasiyalar və layihələr üzrə müşaviri Rasim Səfərov yeni inkişaf mərhələsində süni intellektin dayanıqlı iqtisadi artıma nail olunmasında rolu mövzularında məruzə ilə çıxışlar ediblər.