"Azərbaycan Dəmir Yolları" QSC Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə baş verən qəza ilə bağlı açıqlama yayıb.

QSC-dən Unikal.org-a  verilən məlumata görə, bu gün saat 14:10-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə yol-nəqliyyat hadisəsi baş verib. AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. 

Sürücü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişini hadisə yerində dünyalarını dəyişiblər. Məlumatda bildirilir ki, qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlıdır. Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır. Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır.