“Ramiz Mehdiyev akademiyada nə islahatı aparacaq? Digər tərəfdən, hər gələn akademiyada islahatlar aparsa, akademiyadan əsər qalmaz ki... Ramiz Mehdiyev ölkənin idarə edilməsində əsas şəxslərdən biri olub. Və akademiyaya da onun özü nəzarət edir, iclasların hamısında iştirak edirdi. Elə islahat aparırdırsa, indiyə qədər aparardı da”. 

Unikal.org xəbər verir ki, bu sözləri  Azərbaycan parlamentinin sabiq sədri, çağdaş tariximizin ən mürəkkəb dövründə prezident səlahiyyətlərini icra etmiş professor Yaqub Məmmədov azpolitika.az-a müsahibəsində deyib.
Parlamentin sabiq sədri  Ramiz Mehdiyevin Prezident Adminstrasiyasının rəhbəri postunda  getməsini müsbət qarşıladığını da bildirib: “Uzun illər idarəçilikdə işləyib, indi də yerinə nisbətən gənc kadr gəlməlidir və gəlib də. Mən bir daha qeyd edirəm ki, aparılan dəyişikliklərdən gözləntilərim böyükdür. Hesab edirəm ki, bu dəyişikliklərin ölkədə gedən bütün proseslərə müsbət təsiri olacaq. Həm də indi vəzifədən gedənlərin çoxu postlarına təyinat alanda gənc idilər də. Onlar elə yaşlı deyildilər. 25-30 il vəzifədə oldular. Bu müddətdə neylədilər?  Əsas Ramiz Mehdiyev idi, oturmuşdu Prezident Administrasiyasında. Özü də onunla köhnədən yaxşı münasibətlərimiz var idi, amma ondan bir yaxşılıq görmədim".