Prezident İlham Əliyev: “Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri uğurla inkişaf etməkdədir”
Prezident İlham Əliyev: “Azərbaycanla
Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri uğurla inkişaf etməkdədir”

Azərbaycan prezidenti İlham Əliyev Macarıstan prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.
Məktubda deyilir: “Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri ikitərəfli və çoxtərəfli qaydada uğurla inkişaf etməkdədir. Biz həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində atdığımız addımların Macarıstan tərəfindən dəstəklənməsindən məmnunluq duyuruq.
Əminəm ki, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına sülh və rifah diləyirəm”.