20 İyun 2019
“Cəmiyyətimiz hələlik demokratiya tələb etmək həddində deyil”
“Cəmiyyətimiz hələlik demokratiya tələb etmək həddində deyil” MÜSAHİBƏ 13:02 2012-10-23

“Cəmiyyətimiz hələlik demokratiya tələb etmək həddində deyil”
“Cəmiyyətimiz hələlik demokratiya tələb etmək həddində deyil”

“YAP qarışıq ölkədəki partiyaların heç birində beyin mərkəzi yoxdur”

Ərəstun Oruclu: “İctimai Palata özünün əsas hədəflərindən yayındı”
Azərbaycan müxalifəti 2013-cü ilin prezident seçkilərindən öncəki davranışı ilə yenə də cəmiyyətin ümidlərini doğrultmur və çox təəssüf ki, bu, belədir...
Bəs bunun səbəbləri nədir? Bu yöndə suallarımızı politoloq Ərəstun Oruclu cavablandırır.

-Ərəstun bəy, “radikal” adlandırılan (hərçənd ki müxalifətin həmin qanadı bu epiteti tam doğrulda bilmir) müxalifətə hansı ümidlərlə, niyə qoşulmuşdunuz və ondan niyə ayrıldınız?
-Əslində, mən bu sualı cavablandırmışam. Sonuncu dəfə siyasi partiya fəaliyyətində 2000-ci ildə olmuşam və elə o ildə də AXCP-ni tərk etmişəm. Bundan sonra qərar vermişəm ki, heş bir siyasi partiyanın üzvü olmayacağam və bu qərara da sadiq qalmışam. Amma 2010-cu ildə parlament seçkilərində iştirak etməyə qərar verdim və o zaman AXCP-Müsavat seçki blokunun tərkibində namizədliyim irəli sürüldü, lakin namizədliyim qeydiyyata alınmadı. Sonradan İctimai Palata yarananda mən bu qurumun yaranma prinsiplərinə, onun təsis olunma standartlarına diqqət yetirdikdən sonra ona üzv olmağı qərarlaşdırdım. Səbəb o idi ki, İctimai Palata yarananda cəmiyyətin bütün kəsimlərini özündə birləşdirən, seçki hüququ pozulmuş namizədləri və yaxud namizədliyə iddialıları əhatə edən bir qurum kim nəzərdə tutulmuşdu. Bu baxımdan da onun qarşısında konkret vəzifə dururdu: parlamentin buraxılması və buna alternativ fəaliyyət qurmaq. Yəni İctimai Palata siyasi partiyaların birliyi kimi deyil, fərdləri əhatə edəcək qurum kimi nəzərdə tutulmuşdu. Ona görə də mən bu qurumun üzvü olmağı qərara aldım. Bunu da qeyd etməliyəm ki, mən bu qurumda həmişə sıravi üzv olmuşam, yəni heç zaman Koordinasiya Şurasının üzvü olmamışam və buna iddialı da olmamışam. Hətta şuraya namzədliyimi irəli sürmək təklifi olanda da bundan imtina etmişəm. Çünki sıravi üzv kimi fəaliyyət göstərmək mənim üçün daha səmərəli görünürdü. Buna baxmayaraq İctimai Palatanın ən fəal 5-10 üzvündən biri olmuşam. Bu fəallıq təkcə İctimai Palatanın sessiyalarındakı çıxışlarımla məhdudlaşmayıb, həm də qərar layihələrinin, proqram sənədlərinin hazırlanmasında aktiv iştirak etmişəm. Buna görə də İctimai Palatanın həm sıravi üzvləri, həm də Koordinasiya Şurası tərəfindən mənə qarşı həmişə müstəsna bir münasibət olub. Buna görə də öz məsləkdaşlarıma həmişə minnətdar olmuşam və olacağam da. İctimai Palata öz qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilmədiyi azmış kimi həm də özünün əsas hədəflərindən yayındı. Yəni biz İctimai Palatanın yaranması haqqında qərara, onun əsasnaməsinə baxsaq, görərik ki, orada qarşıya qoyulmuş hədəflərlə bu günki fəaliyyət arasında kəskin bir fərq var. Və bundan savayı da, faktiki olaraq, İctimai Palata, mənim dəyərləndirməyimə görə, milli-azadlıq hərəkatından sonra cəmiyyətin müxtəlif kəsimlərini özündə cəmləşdirmək baxımından ikinci ən güclü koalision qurum idi və demokratiya uğrunda hərəkata çevrilə bilərdi. Amma bu qurumun cilalanması üçün yeni bir model tapmaq mümkün olmadı və İP-nın rayon şöbələrinin yaradılması və s. kimi təsisatlar onu əsas hədəflərindən yayındırdı. Və belə bir situasiyada İctimai Palatanın faktiki fəaliyyətini dəyərləndirəndə gördüm ki, bu qurumun heç bir perspektivi yoxdur. Sualınızda dediniz ki, “müxalifətə niyə qoşulmuşdunuz?” Mən bu gün də müxalifətdəyəm, sabah da müxalifətçi olacağam. Mən müxalifətdən getməmişəm, İctimai Palatadan getmişəm. Bunlar fərqli şeylərdir.
-Ərəstun bəy, müxalifətdəki digər birliklərin – Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının, Məşvərət Məclisinin potensialı Sizi bir politoloq kimi qane edirmi? Sizcə, bu bloklaşmalar cəmiyyətin 2013-cü il sınağından keçməsində hansısa bir rol oynaya biləcəkmi?
-Bu günki prizmadan baxılsa, Sizin sualınıza neqativ cavab verməli olacağam. Mən müxalifətin indiki durumunda optimist ola bilmirəm. Çünki bu müxalif birliklərin hamısında eyni mahiyyət kəsb edən fəaliyyət görürük və bunun da bir xeyli səbəbləri var. Amma bu başdan qeyd etməliyəm ki, bu səbəblərin əksəriyyəti obyektiv səbəblərdir. Bununla yanaşı subyektiv səbəblər də mövcuddur. Obyektiv səbəblərdən ön planda olanı cəmiyyətdə demokratik ictimai-siyasi münasibətlər sisteminin olmamasıdır. Bunun Azərbaycanda müəyyən elementləri olubdur, amma artıq bu elementlər də sıradan çıxarılıb. Politoloji nöqteyi-nəzərdən, cəmiyyətdəki ictimai-siyasi münasibətlər bir orqanizmi xatırladır və orqanizm olmayan yerdə onun ayrıca götürülmüş əli, qulağı və ya ürəyi ola bilməz. Və bu böhran təkcə müxalifət partiyalarına aid deyil. Elə iqtidar partiyasının, yəni YAP-ın özü də siyasi böhran içindədir. Bilirik ki, parlamentdəkilərin çoxu, nazirlərin demək olar ki, hamısı iqtidar partiyasının üzvləridir. Amma həmin iqtidar partiyasının aparıcı üzvlərinə sual versək ki, “Ölkənin yaxın beş ildə inkişaf strategiyası nədən ibarətdir?”, boş-boş sözlər danışacaqlar. Mahiyyəti olmayan və təxminən, bu kimi sözlər və s. və i.a. Bu isə strategiya deyil, bu, məzmunu olmayan ritual xarakterli hansısa ifadələrdir. Mən hesab edirəm ki, bizdəki bütün siyasi qurumlar böhran içindədir. Siz dediyiniz müxalifət birlikləri olsun və yaxud iqtidar partiyası, fərq etməz, İctimai Palata da daxil olmaqla hamısı ciddi bir böhran yaşamaqdadır. Dediyim kimi, bu böhran iqtidar partiyasından da yan keçməyib, çünki hamısı eyni sistemin daxilindədir. Sistem yoxdursa, onun elementləri də yoxdur.
-Bəs bu günki Azərbaycan müxalifətinin əsas xəstəliyi nədir? Bu müxalifəti “müalicə etmək” mümkündür, ya yox? Bunu da qeyd etməliyəm: sözün təmizi budur ki, “müxalifət” deyəndə cəmiyyət birinci növbədə İctimai Palatanın özəyini təşkil edən AXCP-ni və Müsavat Patiyasını başa düşür... Və İctimai Palata niyə ictimai gücə çevrilə bilmədi?
-Bilirsiniz, mənə elə gəlir ki, dediyiniz problemin kökündə duran məhz ölkədəki siyasi sistemdir. Digər həlledici amil isə sözügedən iki siyasi partiyanın daxilində yeniləşmənin olmamasıdır. “Yeniləşmə” deyərkən mən əsla onu nəzərdə tutmuram ki, İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getməlidir və onun yerinə kimsə gəlməlidir və yaxud AXCP sədri Əli Kərimli öz postunu kiməsə təhvil verməlidir. Qətiyyən! Mən bunları nəzərdə tutmuram. Fikrimcə, birinci növbədə məsələlərə yanaşma tərzində yeniləşmə olmalıdır. İkincisi isə, bu partiyaların qarşılarına qoyduqları hədəflər konkret şəkildə müəyyən edilməlidir. Son illərdə... Son illər deyəndə, bəlkə də, on-on beş ildir ki, Azərbaycan müxalifətinin əsas sloqanlarına, şüarlarına diqqət yetirsək, görərik ki, heç nə dəyişilməyib. Nədi bu şüarlar? “Demokratiya, azadlıq, azad seçki, insan hüquqları, istefa” və s. və i.a. Bilirsiniz, Azərbaycan müxalifətinin on beş il ərzində eyni pafosla təkrar etdiyi bu şüarlar Azərbaycan əhalisinə heç nə demir. “Azad seçki” deyəndə sıravi vətəndaş düşünür ki, “Bunlar yenə də hakimiyyət davası edirlər! Azad seçki keçirin, mən udum, gəlim hakimiyyətə! Sən deputat və ya prezident olacaqsan, bəs mənim üçün nə dəyişiləcək?” Vətəndaş ona təklif ediləni müxalifətin bu şüarlarında görmür. “İstefa!” şüarı yenə də sıravi vətəndaşın şüurunda həmin fikri doğurur: “Sən hakimiyyətdən get, mən gəlim sənin yerinə”. Və məsələnin bu tərəfini də nəzərdən qaçırmayaq ki, bu hakimiyyət dəyişmələrindən, loru dildə desək, insanların da “əli yanıb”. Bu günəcən Azərbaycanda mövcud olmuş heç bir hakimiyyət insanların sosial durumunu yaxşılaşdırmayıb. Ona görə də Azərbaycan insanı hakimiyyətin dəyişməsi ilə nəyinsə müsbətə doğru dəyişəcəyinə inanmır. Beləliklə də, cəmiyyət özü özünü siyasətdən kənarlaşdırıb və siyasətçilər də bu meydanı tərk ediblər. Sanki ortada kiçik bir meydança qalıb və siyasətçilər öz aralarında oynayırlar. Bununla belə, tamaşaçı yoxdur, azarkeş yoxdur. Ona görə deyirəm ki, birinci növbədə hədəflər müəyyənləşməlidir. Konkret şəkildə aydın olmalıdır ki, müxalifət əhalinin maraqlarını ifadə edir. Bu gün əhalinin böyük əksəriyyətini nədir narahat edən? Bu, demokratiya deyil və bunu etiraf etmək lazımdır. Cəmiyyətimiz hələlik demokratiya tələb etmək həddində deyil. Çünki bu cəmiyyət başqa şeylər tələb edir. Cəmiyyət sosial problemlərin, korrupsiyanın, işsizliyin aradan qaldırılmasını tələb edir. Amma, baxın, bu şüarlar müxalifətin aksiyalarında, demək olar ki, səslənmir. Səslənirsə də, çox nadir hallarda. Olsa-olsa, ümumi şüarların içində on-on beş faiz təşkil edir.
-Axı Müsavatda da, AXCP-də də kifayət qədər intellektual oğlanlar var. Məgər onlar bunu anlamırlar?
-Bilirsinz, iş bundadır ki, YAP qarışıq ölkədəki partiyaların heç birində beyin mərkəzi yoxdur. Beyin mərkəzi hər bir partiya üçün son dərəcə önəmli bir qurumdur. O, partiyanın strategiyasını müəyyənləşdirir, cəmiyyətin ab-havasını öyrənir və bu ab-havaya uyğun olaraq çağırışları, hədəfləri müəyyənləşdirir. Partiyalarda bu çatışmır. Ayrı-ayrılıqda, bəli, kifayət qədər intellektual insanlar var. Məsələn, Müsavatın divanının üzvü Qubad İbadoğlu Azərbaycanda ən önəmli beyin mərkəzlərindən birini yaradıb. İndi, o İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmalarına baxın, cəmiyyətdəki nüfuzuna baxın, amma Qubad İbadoğlunun mənsub olduğu partiyanın nüfuzuna baxın. Bununla belə, Qubad İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin əməyindən də partiyada səmərəli şəkildə istifadə edilmir. Və yaxud AXCP-də Razi Nurullayev, Fuad Qəhrəmanlı kimi səviyyəli intellektlər var. Onların müsahibələrini, qeydlərini oxuyanda təəccüblənirsən ki, bunların potensialından niyə partiyanın fəaliyyətində istifadə edilmir? Deməli, siyasi partiyalarda institutlaşma baş verməyib. İnstitutlaşma baş veməlidir ki, qərarların qəbuluna təsir edəcək beyin mərkəzləri formalaşsın. Kənardan müşahidə edəndə görürsən ki, partiyaların fəaiyyəti impulsiv xarakter daşıyır. Ona görə də müxalifətdən nəsə gözləmək hələ ki tezdir.

Söhbətləşdi: Savalan