Bakıda dələduzluqda təqsirləndirilən Vahid Əsgərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Unikal.org xəbər verir ki, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, onun kassasiya şikayəti qisməm təmin edilib və V.Əsgərova şərti cəza verilib. O, azadlığa buraxılıb. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə V.Əsgərovun cəzasını 8 ilə endirib. 

İttiham aktına əsasən, V.Əsgərov Bakıda İran vətəndaşı Afşin Gəncəlizadənin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.

O, xırda və iri buynuzlu heyvan ticarəti ilə məşğul olmaq və Rəsulzadə qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evini satmağı təklif edərək İran vətəndaşının 130 697 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

A.Gəncəlizadənin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan V.Əsgərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.