"ATƏT məsələlərinə gəldikdə, sözsüz ki, münaqişə regionun böyük problemidir, region üçün böyük təhlükədir. Əfsuslar ki, hesab edirəm, bu il əldən verilmiş fürsətlər ili olmuşdur".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 

O deyib: "Bunun başvermə səbəbi isə Ermənistanın beynəlxalq hüququn normalarına əməl etmək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələri icra etmək istəməməsi ilə bağlıdır.

Bu il ölkə başçıları səviyyəsində, həmçinin Xarici İşlər nazirləri səviyyəsində danışıqların bir neçə mərhələsi olmuşdur.

Növbəti görüş tezliklə sizin ölkənizdə olacaqdır. Ümid edirik ki, növbəti il daha məhsuldar olacaq. Çünki münaqişənin ən tez müddətdə həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir. Lakin bu məsələdə hər hansı bir irəliləyişə nail olmaq üçün yerlərdə praktiki addımlar atılmalıdır.

Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır. Əlbəttə, biz bir çox başqa məsələləri də müzakirə edəcəyik, lakin düşünürəm ki, başlanğıc üçün bu qədər yetər".