Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər davam etdirilir.

Agentlikdən Unikal.org-a verilən məlumata görə, AQTA sədrinin müavini Balarəhim Quliyevin iştirakı ilə növbəti belə görüş ictimai iaşə obyektlərinin sahibləri ilə baş tutub. 

“İctimai iaşə müəssisələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanan uyğunsuzluqlar və onların həlli yolları” mövzusunda təşkil olunan görüşdə monitorinqlər zamanı ictimai iaşə obyektlərinə aşkarlanan uyğusuzluqların aradan qalıdırlması ilə bağlı sahibkarlıq subyektlərinə bir sıra tövsiyələr verilib.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq ölkədə istehsal edilən qida məhsulları istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı, idxal edilən məhsullar isə qida təhlükəsizliyi sertifikatı ilə təmin edildikdən sonra ictimai iaşə obyektlərinə daxil olmalıdır. Lakin AQTA-nın keçirdiyi monitorinqlər zamanı bu təlimatların, sanitar-gigiyenik qaydaların, mal qonşuluğu prinsipinin, eləcə də məhsulların markalanmasında tələblərin pozulduğu aşkarlanıb. Diqqətə çatdırılıb ki, ictimai iaşə obyektlərinin sahibləri bununla bağlı təlimata əməl etməlidirlər.

İstehlakçı hüquqlarının pozulduğu bu kimi halların aradan qaldırılması ilə bağlı sahibkarlara təlimatlar verilib. Sonda sahibkarların sualları cavablandırılıb.