Bu gün Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun Cəyli kəndində əhali ilə səyyar qəbul-görüşü keçirilib.

Unikal.org xəbər verir ki, qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və Cəyli kənd inzibati ərazi dairəsinə daxil olan Şahbəyli, Bala Kəngərli, Cəyli və Ucarlı kəndlərinin sakinləri iştirak ediblər.

Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Ceyhun Cəfərov bu cür görüşlərin ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq yerlərdə davam etdirildiyini diqqətə çatdırıb. Rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin Cəyli kənd inzibati ərazi dairəsində də uğurla həyata keçirildiyini qeyd edən icra başçısı bu işlərin bundan sonra da görüləcəyini, kənd sakinlərinin müraciət və təkliflərinin daim diqqət mərkəzində saxlanacağını bildirib.

Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndə gələn suvarma su kanalının lildən təmizlənməsi, istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi, yol, torpaq məsələləri, içməli su təminatı, təhsil və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib.