Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması barədə qərar layihəsi hazırlanıb.

Unikal.org-un xəbərinə görə, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

***

12.11

“Cənab Prezident tərəfindən həyata keçirilən struktur islahatları yeni mərhələyə qədəm qoyub. Aparılan islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır”.

Unikal.org-un xəbərinə görə, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, noyabrın 28-də Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciət ediblər: “Konstitusiyaya uyğun olaraq Milli Məclisin bu məsələyə baxıb, müzakirə etmək hüququ var. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların  dərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi”.

*** 12:05

Milli Məclisin dekabrın 2-ə təyin olunan plenar iclas başlayıb.

Unikal.org xəbər verir ki, spiker Oqtay Əsədovun sədrli ilə keçirilən iclasın gündəliyində bir məsələnin müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, bugünkü iclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılacaq.