"Ermənistan işğal olunmuş ərazilərdə bu ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmağa davam edir. Qlobal Militarizasiya İndeksinə görə, Ermənistan ATƏT məkanında ən hərbiləşdirilmiş dövlətdir və dünya miqyasında üçüncü yeri tutur. Ermənistan Azərbaycan ərazilərinin işğalını saxlamaq üçün öz ÜDM-dən hərbi məqsədlər üçün ATƏT-in iştirakçı ölkələrinin hər hansı birindən daha çox pul xərcləyir. Onun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz hərbi fəaliyyəti və hərbi quruculuğu münaqişənin həllinə maneədir və bölgədəki qeyri-sabitlik mənbəyi olaraq qalır".

XİN-dən Unikal.org-a verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

"Son Nazirlər Şurasından bəri, biz yalnız iki həftə bundan öncə Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə bildik. Bununla belə, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz. Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər", - nazir əlavə edib.