Qətl törətməkdə ittiham edilən Murad Məmmədov barəsində olan hökmdən apellyasiya şikayətinə baxılıb. 

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara görə, M.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, M.Məmmədov 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

“İnterpol”un saytında da axtarışda olduğu qeyd olunan M.Məmmədov Ağdam rayonunun Salahlı kəndində anadan olub.

Rusiya mətbuatında yazılanlara görə, M.Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı M.Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Ə.Əliyev və K.Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Ə.Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Z.İsayev özü M.Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.

Məlumata görə, “Ağdam bandası”nın başçısı M.Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin rəhbərinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ali Osmanov