“Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat Partiyasının beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir”.

Unikal.org xəbər verir xəbər verir ki, bunu Milli Şuranın üzvü Gültəkin Hacıbəyli deyib.

O bildirib ki, İsa Qəmbərin təklifindən imtina etməyini düzgün addım sayır:

“Hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib.

Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır. İkincisi, hər şeyə rəğmən İsa bəyin bu faktı etiraf etməsi onun səviyyəsinin göstəricisidir, çünki, təəssüf ki, Azərbaycan siyasətində heç də hamı bu keyfiyyətilə fərqlənmir, əksinə, vaxtilə məni öz təşkilatlarına dəvət edən bəziləri indi bunun əksini iddia edərək üzümə dururlar ki, guya mən hətta heç bir strukturu olmayan, ikinci kurs tələbələrinin belə qoşulmaqdan imtina etdiyi və 5-6 nəfər üzvü olan təşkilatda "sobesedovaniyadan" keçməmişəm. Heyf ki, çox şeyləri demək olmur...

İsa bəy onda da haqlıdır ki, iki nəfər arasında olan söhbət ictimailəşməməlidir və mən həyatım boyu belə davranmışam. Düzdür, İsa bəyin təklifi şəxsi söhbət deyildi, ən böyük müxalifət partiyalarından birinin idarəetməsilə bağlı idi, amma mən yenə də bu söhbəti açmadım, ən doğma bildiyim insanlardan, məsələn, Cəmil müəllimdən başqa illərlə heç kimlə bölüşmədim.

Hörmətli İsa bəy, mən bunu istəmirdim və etməzdim də, məni bu söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur etdi.

Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız.

Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsilə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir”.