Bakı şəhərində “Caspian European Club”un təşkilatçılığı və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevın iştırakı ilə biznes-forum  keçirilib.

Unikal.org xəbər verir ki, forumda Dövlət Gömrük Komitəsi sədrinin müavinləri, Baş İdarə rəisləri, “Caspian European Club”un Baş İcraçı Direktoru Telman Əliyev və təşkilatın üzvləri iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin mətbuata qısa açıqlamasından sonra “Caspian European Club”un Baş İcraçı Direktoru Telman Əliyev çıxış edərək təmsil etdiyi qurumla gömrük orqanları arasında faydalı əməkdaşlıqdan danışıb. Bildirilib ki, mütəmadi xarakter alan bu görüşlərdə Komitə rəsmiləri ilə sahibkarlar arasında qurulan konstruktiv dialoq, səmərəli əməkdaşlıq ölkəmizdə biznes mühitinin yaxşılaşmasına, beynəlxalq ticarətin asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaradıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük orqanlarının bu istiqamətdə atdığı addımlar barədə məlumat verib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində gömrük orqanları qarşısında ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, xidmət səviyyəsinin yüksəldilərək vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunması kimi vacib hədəflər müəyyənləşdirilib.

İslahatların uğurla reallaşdırılmasında gömrük-biznes münasibətlərinin mühüm rol oynadığını qeyd edən Səfər Mehdiyev bu məqsədlə gömrük orqanlarının mütəmadi olaraq sahibkarlarla görüşlər keçirdiyini, bu görüşlərdə səsləndirilən təklif və iradların gömrük işinin səmərəli şəkildə təşkilində mühüm rol oynadığını vurğulayıb.

Səfər Mehdiyev onu da bildirib ki, gömrük sistemində islahatlar davamlı xarakter daşıyır və məqsəd kölgə iqtisadiyyatını tam aradan qaldırmaq, şəffaflığı təmin etmək, vətəndaş-məmur təmasını minimuma endirmək, xidmət səviyyəsini ən müasir standartlara çatdırmaqdır.