"Azərbaycanda informasiya cəmiyyətinin dəqiq dəyərləndirilməsi, çevik idarəetmənin tətbiqi üçün dolğun statistik məlumatlara ehtiyac var".

Unikal.org xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən "Rəsmi statistika məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi" mövzusunda konfransda çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, məhz bu məlumatlar əsasında yeni sosial-iqtisadi kurs müəyyən olunur: "Bu gün keçirilən konfransın Azərbaycan Dövlət Statistika Komitəsi ilə Koreya Dövlət Statistika Komitəsi (KOSTAT) arasında birgə təşkili onun əhəmiyyətini daha da artırır. Dövlət Statistika Komitəsi müxtəlif sahələrin informasiya təminatında olduqca aparıcı rol oynayır”.

R.Quluzadə qeyd edib ki, qurum tərəfindən hazırlanan “Azərbaycanda informasiya Cəmiyyəti”, Azərbaycanda telekommunikasiya və poçt, ölkədə nəqliyyat statistik nümunələri böyük əhəmiyyət kəsb edir: “Qeyd edilən məlumatların ingilis dilində də dərc edilməsi bu sahədə əldə edilən nailiyyətlətin beynəlxalq səviyyədə tanınmasına şərait yaradır. Rəqəmsallaşdırma erasında statistik informasiyanın idarə olunmasında müasir texnologiyaların dəstəyi olmadan təsəvvür etmək olmaz".

Nazirin sözlərinə görə, informasiya texnologiyaları statistik informasiyanın idarə olunmasının bütün mərhələlərində-toplanma, yayılma prosesində tətbiq olunur və Nazirlik bu prosesdə aktiv iştirak edir: "Tərəfimizdən dövlət qurumlarının məlumat bazalarının Statistika Komitəsinin statistik bazasına inteqrasiyasına dəstək verir. Bu prosesdə elektron imzanın tətbiqində də birgə fəaliyyət görülür. Hökumətin kompüterlərə lisenziyalı “Windows” əməliyyat sistemi, “Microfsoft” office proqramları ilə təmin olunub. Həmçinin, hökümət keçid planında Dövlət Statistika Komitəsinin informasiya sistemlərinin Nazirliyin Data mərkəzində yerləşdirilməsi nəzərdə tutulub”.

R.Quluzadə əlavə edib ki, son illər digər qurumlarda olduğu kimi, statistika qurumlarında da irihəcmli məlumatlara böyük maraq var: “BMT-nin 2014-cü ildə irihəcmli məlumatların rəsmi statistikada istifadə olunma imkanlarının artırılması üçün konfranslar təşkil olunub. Beynəlxalq telekommunikasiya ittifaqı, informasiya cəmiyyətinin ölçülməsində irihəcmli məlumatlar adlı layihə həyata keçirir. Sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə işlər görülür.

Prezidentin sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında statistikasının rəsmi inkişafına dair Dövlət proqramı"nda da irihəcmli məlumatlatın rəsmi statistik məlumatlar kimi istifadə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də əsas icraçılar sırasındadır. İrihəcmli məlumatların rəsmi statistika üçün istifadəsinə görə hüquqi, texniki, metodoloji bir sıra addımlar atılmalıdır”.