Dekabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Heydər Əliyevin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış ad olduğunu deyib: “Onun millət, vətən, dövlət üçün etdiyi şücaət, qəhrəmanlıq unudulmazdır. Çünki yox olmaq astanasına gəlib çıxmış ölkə öz gələcək nicatını, yaşamını onun fəaliyyəti ilə qazandı. Xalqımızın həyatında əsrlər boyu təlatümlü məqamlar çox olmuşdu. Amma bunun ən ağırı Ulu öndərin bəxtinə qismət oldu".

Elm və innovasiyalar üzrə prorektor, professor Novruz Məmmədov bu mərasimin artıq ənənə halını aldığını və bu günün anılmasının mənəvi borc olduğunu deyib: “Hamımız özümüzə borc bilirik ki, onu xatırladaq, onun Azərbaycan dövləti və xalqı üçün gördüyü işlərlə bağlı fikirlərimizi bildirək. Biz onun vəsiyyətlərini ləyaqətlə həyatımız boyu yerinə yetirəcəyik”.

ADU-nun rektorunun Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən söz açıb, xatirələrini danışıb. Ə.Əliyev gənclərə Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı tövsiyələrini verib.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə hazırlanan “Ulu öndər” filmi nümayiş olunub. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 451-ci qrup tələbəsi Şahverən Babayev “Ulu öndər” mahnısını ifa edib, Təhsil 2 fakültəsinin 206B qrup tələbəsi Zeynəb Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu “Elegiya” şeirini söyləyib.

Sonda Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı dinlənilib.