İsmət Abbasovun yalanı ifşa edildi
İsmət Abbasovun yalanı ifşa edildi

Azərbaycanın hələ də özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmədiyi təsdiqləndi

Kənd təsərrüfatı naziri İsmət Abbasov və nazirliyin digər yetkililəri davamlı şəkildə ölkədə aqrar sektorun inkişafı haqqında danışırlar. Bunun belə olmadığı, ölkə büdcəsinin formalaşmasında neftin payının heç cür azalmamasından aydın görünür.
Eyni zamanda ölkədə kənd təsərrüfatı məhsullarının istehlakında idxal olunan aqrar məhsulların həcminin böyük olması və bu həcmin artışının müşahidə edilməsi də Abbasov və əməkdaşlarının söylədiklərinin həqiqətlə örtüşmədiyi, reallıqla səsləşmədiyini deməyə əsas verir. Amma onlar israrla bu cür düşünənləri kənd təsərrüfatı sektorundakı inkişfı gözü götürməməkdə ittiham edirlər.
Di gəl ki, iqtidaryönlü millət vəkili, iqtisadçı Vahid Əhmədovun son müsahibəsindən əslində aqrar sektorla bağlı müzakirə və müsahibələrdə kimin daha haqlı olduğunu aydın görmək mümkündür. O, qarşıdakı ilin büdcəsi haqqında danışarkən deyib ki, büdcənin bütün reallıqları özündə tam əks etdirdiyini demək düzgün olmazdı: “Biz həmişə deyirik ki, Azərbaycanın büdcəsi təxminən bundan iki dəfə artıq olmalıdır. Hesab edirəm ki, Azərbaycanın büdcəsi reallığı tam əks etdirmir. Yəni, elə etmək, işləmək lazımdır ki, Azərbaycanın büdcəsi 20 milyard manat yox, hardasa 35-40 milyard manata qədər olsun”.
Əhmədovun sözlərinə görə, ümumiyyətlə, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan üçün ən əhəmiyyətli, önəmli məsələlərdən biridir: “Ona görə də qeyri-neft sektorunun inkişafına diqqəti artırmaq lazımdır. Biz neçə ildir ki, bu barədə danışırıq. Bu sahəyə diqqəti artırmaq lazımdır. Neftin hasilatında enmələr baş verəcək. Fikir verirsinizsə, artıq bu enmələr Azərbaycan ətrafında da gedir. Odur ki, bu sahəyə diqqət artırmaq lazımdır. Kənd təsərrüfatıdır, sənayedir, turizmdir, insan kapitalını bu sahəyə buraxmaq lazımdır”.
Əhmədov bildirib ki, o, Azərbaycanın yeganə çıxış yolunu gələcək üçün qeyri-neft sektorunun inkşafında görür: “Mən bu fikirdəyəm və bunun üzərində israr edirəm. Qeyri-neft sektorunun bir sahəsi də təbii ki, kənd təsərrüfatıdır. Kənd təsərrüfatında, düzdür, bu gün problemlərimiz var. Çünki Azərbaycan hələ də özünü kənd təsərrüfatı məhsulları ilə, ərzaqla tam təmin edə bilmir”.
İqtisadçının sözlərinə görə, dövlət təhlükəsiz o vaxt sayılır ki, özünü ərzaqla təmin etsin: “Ona görə burada kənd təsərrüfatına diqqəti daha da artırmaq lazımdır. Xüsusilə, ərzaq təhlükəsizliyini təmin etmək üçün taxıl istehsalına diqqəti artırmaq lazımdır. Hazırda 22-25 sentner taxıl yığılır. Bunları artırmaq lazımdır. Bu məsələlər öz həllini tapmalıdır”.
Fikrimizcə, hakimiyyət deputatının yumşaq iradları və durumun ürəkaçan olmadığına, təcili şəkildə həlli gərəkən problemlərin varlığına dair eyhamları əslində dərindən düşündükdə aqrar sektorun sürətli inkişafı barədə rəsmi təbliğatın reallıqla örtüşmədiyinin təsdiqidir. Özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməkdə çətinlik çəkən və bir çox məhsullarda hətta böyük ölçüdə idxala ehtiyacı olan ölkənin aqrar rəhbərliyi bundan sonra inkişaf barədə danışarkən bu məqamı unutmamalıdır.

Ülviyyə Qasımlı