Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşü baş tutmuşdur.
Unikal.org
xəbər verir ki. görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılmışdır. Hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurmuşdur.
 Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü  və dəstəyi ilə inşa edilmiş, 2018-ci ilin  may ayında açılışı olmuş, Azərbaycanda  istehsal olnan məhsulların Rusiya ərazisində, xüsusilə də Rusiyanın cənub bölgəsində yayılmasına, eləcə də iş adamları arasında əlaqələrin genişlənməsinə imkan verən Azərbaycan İş Mərkəzinin fəaliyyəti barədə də danışılmışdır. Görüş zamanı həmçinin eyni layihənin - Həştərxan İş Mərkəzinin Bakı şəhərində inşasında gedən tamamlanma işləri ilə bağlı bir sıra məsələlər də müzakirə edilmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın Azərbaycan və Rusiya arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətləri xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, bu günlərdə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə  Mehriban xanım Əliyevanı “Dostluq” ordeni ilə təltif etməsi, onu “Rusiyanın əsl dostu” adlandırması ölkə vətəndaşlarının qürur və sevincinə səbəb olan bir hadisə kimi yadda qalmışdır. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev Azərbaycanla Rusiya, o cümlədən Həştərxan vilayəti  arasındakı dostluq münasibətlərinin bundan sonra da yüksələn templə inkişaf edəcəyini vurğulamışdır.
Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Sonda, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin qəbula və xoş sözlərə görə, eləcə də  nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkəmizə səfərinin onlarda dərin təəssürat yaratdığını dedi. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən İqor Babuşkin mövcud dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə etmişdir.