Nazim İbrahimov müəmması
Nazim İbrahimov müəmması

Komitə sədri ortalarda görünməməsinin pərdə arxası “Unikal”da

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bir neçə aydır ki, ictimai tədbirlərdən və mediadan uzaq qaçır. Ya da bu, cənab İbrahimova verilən qeyri-rəsmi göstərişdir və ondan çox üzdə olmaması istənilib. Bunu redaksiyamıza məlumatlı bir mənbə verib.

Mənbənin deməsinə görə, İbrahimov sonuncu dəfə rəhbərlik etdiyi komitənin 10 illiyi ilə bağlı bir tədbirdə görünüb. Bundan sonra komitə sədrini nə telekanallarda, nə qəzet səhifələrində, nə də hər hansı tədbirdə görmək mümkün olmayıb.
Qaynağımızın bildirdiyinə görə, Komitə sədri əslində rəhərlik etdiyi qurumun 10 illiyini də ürəyi istədiyi kimi keçirməyə nail ola bilməyib; belə ki, Nazim İbrahimov yubiley üçün təntənəli törən planlaşdırsa da, son anda buna icazə verilməyib və komitə sədri qurumdaxili tədbirlə kifayətlənməli olub. "Elə bu da Nazim İbrahimovun artıq iqtidar içində əvvəlki imtiyaz və təsir imkanlarına malik olduğunu təsdiqləyir. Onun komitəsi sonuncu dəfə Azərbaycanlı milyarderlərin Rusiyada yaratdığı yeni və qalmaqallı təşkilata dair mövqe açıqlaması ilə mətbuatın diqqətinə gəlib; halbuki əslində bu da məcburi bir açıqlama idi. Bunun xaricində artıq dörd aydır ki, Nazim İbrahimovun adı hər hansı formada hallanmayıb" deyə mənbəmiz bildirib.
İstisna olunmur ki, Nazim İbrahimovun adı ətrafında bu "gözəgörünməzlik" şübhəsi daha çox onun önə çıxmasından narahatlıqlarla bağlıdır. "Komitə sədri bir ara çox iri addımlarla addımlayırdı, əlinin altında həm ciddi media rıçaqları, həm də fantastik biznes imperiyası cəmləşmişdi. Bu isə İbrahimovun siyasi iddialarının ola biləcəyinə dair rəylərin ortaya çıxmasına əsas vermişdi. Görünür, belə iddiaların reallaşması üçün ən kiçik ehtimal var idi ki, əvvəlcə Nazim İbrahimov nəzarətindəki ən ciddi media quruluşundan "Azad Azərbaycan" teleradio şirkətindən faktiki olaraq məhrum edildi. Eyni vaxtda komitə sədrinin biznes imperiyasına da təzyiqlər və təhdidlər yarandığı barədə məlumatlar intensivləşmişdi.
Bütün bunların ümumi dəyərləndirməsi ondan ibarətdir ki, istənilən halda Nazim İbrahimovun qəfildən "yoxa çıxması" səbəbsiz deyil və burada siyasi motivlərin olması istisna olunmur. Əksinə, bu, ən real səbəb kimi görükür.
Nisbətən zəif bir versiya isə Nazim İbrahimovun hakimiyyət daxilində həssas siyasi situasiyanın formalaşdığı və 2013 seçkiləri öncəsi iqtidar içi proseslərin kimlərinsə "vurulma" ehtimalını ciddiləşdirəcəyi yönündə proqnozların real sayıldığı bir vaxtda "özünü unutdurmaq" istəməsidir. O, bununla hədəfdə olmamağı planlaya və seçkidən sonra formalaşdırılacaq yeni hökumət kabinetində yerini indidən qarantiləmək istəyə bilər.
Azər Aslan