“Hər işin öz çətinliyi var. Ən asanı bizim iş görünür - parıltılı, hazır. Üç dəqiqəlik mahnı və klipin arxasında aylarla əziyyət var. Hazırlaşmaq, yay geyimində qışın çovğununda saatlarla kamera qarşısında qalmaq, gecə səhərədək studiyada qalmaq var”.

Unikal.org xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan “Telesəhər Ell və Nikki ilə” proqramında müğənni Sevda Yahyayeva deyib. İfaçı bildirib ki, sənət yolunda çox çətinliklərə sinə gərib:

“Bilirdim ki, Uğura çox asan nail olmayacam. Çətinliklərə hazır idim deyə, onları dəf edə bildim. Mənim kimi müsabiqədən o qədər uşaqlar çıxdı ki... Amma onların içərisində ən uğurlusu mənəm. Düzdür, bu müsabiqədən çıxanlar ölkəni dünya miqyasında təmsil ediblər. Lakin mən də dayanmadım. Konsertlər verdim. Onların içərisində Heydər Əliyev sarayında konserti olan, kamera orkestri ilə tamaşaçı qarşısına çıxan olmayıb. İnsan işini sevəndə, zəhmətlə onun arxasınca gedirsə, hədəfinə çatır. Çox xoşbəxtəm ki, arzuladığım həyatı yaşayıram”.

Qeyd edək ki, Sevda Yahyayeva  “Yeni ulduz” müsabiqəsinin iştirakçısı olub.