Etibar Pirverdiyev Səfər Əbiyevlə şərikdir
Etibar Pirverdiyev Səfər Əbiyevlə şərikdir

"Azərenerji" şefinə məxsus şirkət Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirir

"Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyevə bağlı olan "Azenco" şirkəti Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirir. Pirverdiyevin nazirliyin sifarişi ilə bir neçə bölgədə kazarmaların inşası ilə məşğul olduğu deyilir. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.

Məlumata görə, hakimiyyətdə dayaqları kifayət qədər sarsıdılmış və Milli Məclisin tribunasından davamlı şəkildə iqtidaryönlü deputatların tənqid atəşi ilə üzləşən "Azərenerji" rəhbərinin şirkətinə müdafiə naziri Səfər Əbiyevin etimadı maraq doğurmaya bilməz. Pirverdiyev üçün çətin dövrdə onun şirkətinə iri layihələr qazandırmaqla Əbiyev iki məqsəd güdə bilərdi.
Bunun birincisi, heç şübhəsiz, nazirin elə layihələrin inşasına ayrılan vəsaitlərdə şərikliyidir. Necə deyərlər, "havayı pendir tələdə olur".
İkincisi, Əbiyevin özü də hazırda iqtidar içi çevrələrdə ən çox tənqid hədəflərindən biridir və
istisna etməmək olmaz ki, o, başqa bir çox "vurulan" məmura stavka etməklə əslində rəqiblərinə jest edir. Demək istəyir ki, onların üstlərinə gəldikcə belə məmurlar da bir-birlərinə daha çox yaxınlaşır və bununla özlərinə qarşı hücumların qarşısında vahid cəbhəyə çevrilirlər.
Bütün bunlara rəğmən onu da unutmaq olmaz ki, ölkənin ən ali tribunasından - Milli Məclisdən, özü də hakimiyyətə birbaşa bağlı deputatların dilindən korrupsiyada suçlandırılan, yeyintilərdə ittiham edilən bir məmurla ortaqlıq və yaxınlıq Səfər Əbiyevə qarşı əlavə tənqid və iradlar üçün əsas verə bilər.
Daha bir şübhəli məqam isə bizim Müdafiə Nazirliyi üçün kazarmaların inşasının məhz Etibar Pirverdiyevin şirkətinə hansı yollarla verildiyini müəyyənləşdirmək üçün apardığımız araşdırmaların nəticəsiz qalması oldu. Belə ki, internet üzərindən araşdırma və axtarışlarımız bunun üçün hər hansı tender elan olunub-olunmadığını müəyyənləşdirməyə imkan vermədi. Daha doğrusu, bununla ağlı aidiyyatı qurumların rəsmi saytlarında hər hansı bilgiyə rastlaşmadıq.
Azərbaycan reallığında tenderlərin necə keçirildiyi hər kəsə bəllidir. Və buna əsaslanaraq demək olar ki, "Azenco"nun Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirməsi üçün qanuni prosedurların həyata keçirilməsi zamanı da şəffaflıq gözlənilməyib.
Onu da deyək ki, Etibar Pirverdiyevin şirkətinin tenderlərlə bağlı özünə məxsus təcrübəsinin olması barədə məlumatlar mətbuatda yeni deyil. Məsələn, bu günlərdə bəzi KİV-lərdə bildirilmişdi ki, "Azenco" ASC artıq "Qış Bulvarı"nın tikinti işləri üçün hazırlığa başlayıb. Təbii ki, burada ciddi heç bir qanun pozuntusu olmazdı - əgər "Qış Bulvarı"nın tikintisi üçün tender elan olunub onu da sözügedən şirkət udmuş olsaydı.
Ülviyyə Qasımlı