"DOST mərkəzlərinin yaradılması çox gözəl, əlamətdar hadisədir. Bu mərkəzlər sosial təminat sahəsində çox böyük dönüş yaradıbdır, innovasiyaların və müasir xidmətlərin göstərilməsi üçün çox gözəl alət olubdur. Şadam ki, DOST mərkəzlərinin yaradılması artıq geniş vüsət alır və bu, il ərzində açılan ikinci mərkəzdir. Gələn il də Bakıda və rayonlarda bir neçə mərkəzin açılışı nəzərdə tutulur. Beləliklə, gələn il DOST mərkəzlərinin əhatə dairəsi genişlənəcək və əhalimizin yarıdan çox hissəsini əhatə edəcək".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı mərasimində deyib.

"DOST mərkəzlərinin yaradılması bizim sosial siyasətimizin mahiyyətini göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir. Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm də “ASAN xidmət” mərkəzləri bizim intellektual məhsulumuzdur. İndi “ASAN xidmət” öz intellektual məhsulunu ixrac edir, artıq bir neçə ölkədə bu layihələr icra olunur. Ümid edirəm ki, gələcəkdə DOST xidmətinin də fəaliyyəti başqa ölkələrdə maraq doğuracaq və təcrübə mübadiləsi üçün bizə müraciətlər daxil olacaq.

Digər önəmli məsələ ondan ibarətdir ki, bir binada 130-dan çox xidmət göstərilir. Əminəm ki, buraya müraciət edən və edəcək bütün vətəndaşlar bu xidmətdən razı qalacaqlar. Birinci mərkəzin açılışından sonra DOST mərkəzinə cəmi 6 ay ərzində 60 mindən çox müraciət olmuşdur və vətəndaşların məmnunluq əmsalı çox yüksəkdir. Bu, onu göstərir ki, həm bütün proses çox düzgün təşkil edilib və həm də bu mərkəzlər məhz innovativ əsaslarla fəaliyyət göstərir. Digər tərəfdən, birinci DOST mərkəzində çalışan işçilər və könüllülər vətəndaşlara çox gözəl xidmət göstərirlər. Bu da məni çox sevindirir. Çünki biz ictimai xidmətlər sahəsində yeni davranış qaydaları tətbiq edirik və xidmət mədənidir, çox dəqiqdir. Əminəm ki, DOST mərkəzinə müraciət edən hər bir şəxs buradan razı qayıdır.

Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir. Bu, Azərbaycan gənclərinin fədakarlığını və öz işinə bağlı olduğunu, məsuliyyətlə yanaşdığını göstərir. Eyni zamanda, bu, gənclər üçün də çox gözəl hazırlıq mərhələsidir. Çünki siz gəncsiniz, müstəqil həyata yenicə qədəm qoymağa başlayırsınız və çox gözəl haldır ki, sizin işiniz buradan başlayır. Əminəm ki, burada qazanacağınız təcrübə gələcəkdə sizə kömək edəcək", - dövlət başçısı əlavə edib.