Oktyabrın 1-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Nərimanov rayonu, Atatürk prospektində açılışını etdiyi parkda söküntü işləri başlayıb. 

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, dövlət başçısının tapşırığı ilə müasir üslubda, orijinal dizaynda yenidən qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha biri əlavə olunmuşdu. 

Lakin parkın istifadəyə verilməsindən qısa müddət keçməsinə baxmayaraq istirahət mərkəzi bərbad hala salınıb. Buna səbəb isə Bakı Nəqliyyat Agentliyinin (BNA) gördüyü işlərdir.

BNA parkın istifadəyə verilməsindən az müddət keçməsindən sonra ərazidə uşaq və əlil arabalarının rahat hərəkət etməsi üçün pandus salınması işlərini həyata keçirir. Maraqlıdır ki, bu işlərə nə üçün park sakinlərin istifadəyə verilməsindən sonra başlanılıb? Olmazdı ki, BNA park istifadə verilməzdən əvvəl tikinti işlərini həyata keçirən qurum qarşısında məsələ qaldırıb pandus salınması və piyadaların rahat hərəkəti üçün müvafiq şəraitin yaradılması işlərini həyata keçirərdi?

Axı, BNA-nın digər işləri həyata keçirən qurumlarla planlı və koordanisiyalı işləməməsi səbəbindən büdcədən xeyli vəsait israf olunacaq. Park hazır olandan sonra yenidən səkilərin sökülməsi üçün işçi qüvvəsi cəlb olunub, parka döşənmiş hazır materiallar sökülərək çıxarılacaq, yük maşını ilə digər əraziyə köçürüləcək. Sonra yenidən pandusların quraşdırılması materialların döşənməsi və s.

Bir görün vətəndaşlardan yığılan vergi əsasında formalaşdırılan büdcədən nə qədər vəsait göyə sovruldu. Bütün bu işlər 90-cı illərdəki plansızlıqla görülür. Halbuki indi XXI əsrdir. BNA-nın da işlərini XXI əsr keyfiyyəti ilə görməsi ümidilə ilə gözləyək... Ümid edək ki, bu qurum vətəndaşların vergiləri nəticəsində formalaşan dövlət büdcəsinə sayğılı yanaşacaq.