Cənubi Koreya və Yaponiya arasında mübahisəli Tokto (Yaponiyada Takesima adlanır) adalarının müdafiəsi üzrə hərbi təlimlərə başlayıb.

Unikal.org bu barədə Yonhap informasiya agentliyinə istinadla xəbər verir.

Cənubi Koreya mübahisəli adada son dəfə avqust ayında 10 gəmi və 20 təyyarənin, o cümlədən F-15 qırıcılarının iştirakı ilə təlimlər keçirib. Hazırkı təlimlərin miqyasının kiçik olacağı bildirilir.

Seul 1986-cı ildən etibarən Tokto adaları yaxınlığında hərbi təlimlər keçirir. 2003-cü ildən başlayaraq təlimlər mütəmadi xarakter alıb və adətən ildə iki dəfə baş tutur.

Qeyd edək ki, Yapon dənizində Cənubi Koreya və Yaponiya arasında yerləşən Tokto adası II Dünya müharibəsindən sonra Koreyaya qalıb. Yaponiya bunu qanunsuz işğal hesab edir və onu öz ərazisi sayır.