Artıq ölkə bir seçki prosesini - bələdiyyə seçkilərini arxada qoydu. Müsbət və mənfi tərəfləri ilə seçki baş tutdu. Nəticələrdən razı və narazı qalanlar var, amma ümumilikdə bir marafon bitdi. Bələdiyyə seçkilərinin nəticələri və qarşıdan gələn parlament seçkilərilə bağlı “Unikal” qəzetinə müsahibə verən Real Partiyasının icra katibi Natiq Cəfərli maraqlı məqamlara toxunub. 

-Natiq bəy, öncə bələdiyyə seçkiləri ilə bağlı danışaq. Ümumi qiymətləndirsək, bələdiyyə seçkilərini necə dəyərləndirirsiz?

-Bələdiyyə seçkilərində cəmiyyətdə maraq yarada biləcək  bir neçə gənc namizədlər var idi. Hansı ki, ilk dəfə idi prosesə qoşularaq müəyyən dərəcədə marağın artmasına səbəb oldular. Və ən vacib nəticə o oldu ki, indiki texnologiyaların, sosial şəbəkələrin, informasiya resurslarının verdiyi bütün imkanlardan istifadə edərək maraqlı seçki ab-havası yaratmaqla, insanları seçkiyə cəlb etmək olar. Azərbaycanda həmişə ən böyük problem seçkiyə marağın olmaması, insanların seçkiyə az gəlməsi əsas səbəblərdən biri olmuşdur. Bu seçkilərdən mənim çıxartdığım ən böyük nəticə o oldu ki, gündəmdə olan, müzakirə obyektinə çevrilən  10-a yaxın namizəd var idi ki, onların fəaliyyəti seçicilərin marağının artmasına şərait yaratdı. Deməli, Azərbaycanda hələ də seçki institutuna marağın tamamilə yerləbir olmaması üçün imkanlar var və onlar seçkiyə marağın artmasında mühüm rol oynaya bilərlər. 

-Yəni, budəfəki bələdiyyə seçkiləri əvvəlkilərdən nə iləsə fərqləndi...

-Bilirsiniz, ilk dəfə seçici hüququnu qazana bilən insanlar vardır ki, bu proses onlara daha maraqlı idi. Onları prosesə cəlb edərək, daha aktiv olmağı sövq etməklə, seçki institutuna marağın artmasına imkan yaradır. Bu, məni sevindirir. Ümumilikdə götürdükdə isə seçkilərə marağın az olması, seçici aktivliyinin aşağı olması göz önündədir. Hətta rəsmi məlumatlara görə seçici aktivliyinin 30%-dən bir az yüksək olması insanların bələdiyyələrə inamının çox aşağı səviyyədə olduğunu əyani şəkildə ortaya qoydu.
 
-Sizcə, bu məqam bələdiyyələrə inam məsələsidir, yoxsa, ümumiyyətlə, seçki institutuna olan münasibətdən irəli gəlir?
 
-Hər ikisi var. Birincisi, təbii ki, bələdiyyə institutunun səlahiyyətlərinin az olması, icra strukturlarının bir qoluna çevrilməsidir. Öz büdcəsinin olmaması və kifayət qədər müstəqil hərəkət edə bilməməsi, öz bölgəsində icra strukturunun kölgəsində qalması da belə bir münasibətin formalaşmasında rol oynayır. Bu da bələdiyyə institutunun doğru-düzgün tətbiq olunmamasının nəticəsidir. Ümumilikdə götürsək Azərbaycanda seçki prosesinə inamın az olması da bu amillərdən biridir. Cəmi bir neçə nəfər aktiv  siyasi seçki fəaliyyəti ilə məşğul oldu və ən azından,  həmin dairələrdə seçkiyə maraq artdı. Bu, özü-özlüyündə passiv idi. Məncə, parlament seçkilərində həmin praktikanı, təşəbbüsü nəzərə alsaq, daha maraqlı kampaniyalar apararaq, ölkə miqyasında parlament seçkilərinə marağın dəfələrlə artmasına nail olarıq. Yəni, insanları seçkilərə kökləmək mümkündür. Bu seçkilərdən çıxarılan ən böyük nəticələrdən biridir. 

-Amma bələdiyyə seçkilərində müəyyən qanun pozuntuları da müşahidə olundu...

-Bəli. Ənənəvi olaraq qanun pozuntularını da gördük. Bir nəfərin bir neçə yerdə səs verməsinin, danışıqlar əməliyyatının aparılmasının da  şahidi olduq.  Əvvəlki seçkilərə nisbətən  sanki bu metodlardan az istifadə olundu və kütləvi xarakter daşımadı. Ümumilikdə götürəndə bir neçə gəncin yaratdığı ab-hava ümumi seçki institutuna pozitiv təsir elədi və parlament seçkilərində də bu pozitivliyin davam etdirilməsi üçün imkanlar, fürsətlər yarandı. Məncə, parlament seçkiləri daha çox insanların maraq obyektinə çevriləcək. Çünki 125 namizəd var və parlamentin həm nüfuzu, həm də səlahiyyəti genişdir. Bu mənada daha böyük marağa səbəb ola biləcək seçki olacaq. Bütün namizədlər də çalışmalıdırlar ki, daha güclü olsun və daha çox seçicini məntəqələrə gətirmək mümkün olsun. Nə qədər seçici aktivliyi yüksək olacaqsa, seçkilərin saxtalaşdırılması imkanları bir o qədər  məhdudlaşacaq.
 
-Parlament seçkilərində seçicini sandıq başına gətirmək hansı imkanlar nəticəsində mümkün olacaq.Nə vəd edib insanları seçkiyə gətirmək olar?

-Əslində, bir az öncə qeyd etdiyim kimi, artıq yeni bir gənc nəsil yetişir. Müstəqillikdən bəri anadan olan insanların artıq az qala 30 yaşı olsun. Müstəqillikdən bəri təxminən  Azərbaycanda 3 milyona yaxın yeni seçici yetişib. Yəni, bu yeni nəsil, yeni gənclikdir və bunların proseslərə daha aktiv şəkildə qoşulması üçün imkanlar daha çoxdur. Orta və yaşlı nəslin seçki ilə bağlı kifayət qədər neqativ təəssuratları, hadisələri və xəyal qırıqlığı var. İstəyir 2000-ci il olsun, 2003-cü, 2005-ci ildə yaşananlar müxalifətin liderlik konsepsiyasının olmaması və qələbəni rəsmiləşdirə bilməməsi, ümumiyyətlə, seçkilərdə qapalı saxtakarlığın dəfələrlə təkrar olunması, bütün bunlar orta və yaşlı nəsildə müəyyən  xəyal qırıqlığı yaşadıb. Amma yeni nəsildə bu hal daha azdı, onları mobilizasiya edib, onlara yönəlik  mesajları verə bilsək, ölkənin gələcəyinin, taleyinin onlardan asılı olduğunu inandırıb seçici aktivliyini artırmaq olar. Və seçkilərə daha çox insanlar gələ bilər. Seçki institutu çox vacibdir. Hakimiyyət, hökümət də anlamalıdır ki, seçki institutunun tamamilə məhv olunması və sıradan çıxarılması ölkə üçün böyük təhqirdir. Hansı ölkələrdə seçki institutu tamamilə sıradan çıxarılıb, həmin ölkələrdə gec-tez xaotik  proseslər baş qaldırıb. Biz heç zaman istəmərik ki, Azərbaycanda buna bənzər hadisələr baş versin. Azərbaycanda hər hansı xaotik mərkəzlər yaransın. Bunun olmaması üçün ən vacib şərtlərdən biri məhz seçki institutunun  ayaqda və diri tutulmasıdır. Bunun üçün 9 fevral çox vacib bir gün olacaq. Həmin gün seçki ilə bağlı həmişə son illərdə gördüyümüz vəziyyət yenidən təkrarlansa, seçki institutuna inam tamamilə yerlə bir olacaq və bu gələcəyimiz üçün böyük təhdidlər  yaradacaq. 

-Natiq bəy, bu çağırışların əksini söyləyən siyasi müxalifət də var. Siz seçkiyə çağırış edirsiz. Onlar boykotu irəli sürürlər. Seçkinin boykot edilməsi Azərbaycan reallığında nə dərəcədə effekt verə bilər?

-Məncə, artıq bu diskussiyanı arxada qoymağın zamanıdır. Bələdiyyə seçkilərində kiçik aktivlik yaşanması və bir neçə gənc namizədin qalib gəlməsi  onu sübut elədi ki, boykot ümumiyyətlə, yol deyil. Yəni, boykot heç bir nəticəsi olmayan, nə hüquqi, nə siyasi nəticələr doğurmayan siyasi partiyalar üçün  mənasız bir davranış qaydasıdır. Çünki siyasi partiyaların, siyasətçilərin işi seçkilərə  hazırlıq  və seçki prosesində aktivlik və iştirakıdır. Statistikaya nəzər yetirdikdə, belə deyə bilərəm ki, 1992-ci ildən bəri Azərbaycanda 24 seçki prosesi həyata keçirilib. Müxalifət bunun 12-ni boykot edib, 12-də də iştirak edib. Çox maraqlıdır ki, boykot edəndə də eyni arqumentlər səsləndirir, iştirak edəndə də. Yəni, 12-də  eyni arqumentlər səsləndirib, heç bir nəticə əldə edilməyibsə və əsas məqsəd nədir, boykot olunacaq və bu seçkilərin nəticəsini dünya tanımayacaq. Amma heç vaxt belə bir məsələ ilə qarşılaşmadıq. Azərbaycan hakimiyyətinin legitimliklə bağlı bir problemi olmadı. Keçən il baş tutan prezident seçkilərində boykota  çağırışı oldu, iştirak olunmadı və əsas tezis də bu idi ki, legitimlik olmayacaq, amma prezident seçkilərindən sonra Azərbaycan Prezidentinin Londona, Parisə, Brüsselə, Berlinə səfərləri baş tutdu. İtaliya, Fransa prezidentlərinin Azərbaycana səfərləri oldu. Beynəlxalq tanıtımla, legitimliklə bağlı ciddi bir problem yaşanmadı. Boykotçuların əsas arqumentləri legitimlikdisə, seçkilərdə iştirakın legitimliyə səbəb olması deməkdisə, bununla bağlı əllə tutulacaq heç bir hüquqi arqument yoxdur. Azərbaycanda seçkilərdə limit məsələsi qeyd olunmayıb, filan qədər seçici iştirak etməsə, seçki baş tutmamışdır, deyə bir şey yoxdur. Bir referendumla bağlı 25% seçici aktivliyi limiti var. Yəni, seçkilərin 10% belə gəlirsə, seçki baş tutmuş sayılır. Ona görə də nə siyasi, nə hüquqi boykotun əldə tutulacaq arqument olmadığı üçün indi artıq diskusiyanı arxada qoymağın vaxtı gəlib çatdı. Artıq, bu köhnəlmiş bir diskusiyadır. Bələdiyyə seçkilərində cəmi  10 nəfər  müstəqil namizədin iştirakı belə sübut elədi ki, iştirak boykotdan daha nəticəli hesablanmış bir qərardır. 

-Amma qarşı tərəf belə fikirlər səsləndirir ki, Real partiya hakimiyyətlə anlaşıb mandat almaq istəyir. Yəni, Siz anlaşma müqavilində seçkiyə demokratik don geyindirirsiz və bunun müqabilində mandat alırsız. Bu ittihamlarla bağlı mövqeyiniz necədir?

-Burada məsələ çox sadədir. Mən həmin insanları ən azından anlayıram, onların çünki tarixləri belə qaranlıq səhifələrlə doludur. Onlar zaman-zaman hakimiyyətlə anlaşıblar, hakimiyyətin əlinə oynayıblar və düşünüblər ki, hamı elədir. Məşhur atalar misalında olduğu kimi “Əlində ancaq çəkic olan, ətrafında hər şeyi mismar görür”. Belə çıxır ki, 2000-ci ildə AXCP anlaşıb parlamentdə 5 yer qazandı, 2005-ci ildə Müsavat Partiyası razılaşaraq 5 yer qazanaraq, parlamentdə oturdu. Belə çıxır ki, bunlar da hakimiyyətin legitimləşdirilməsində rol oynayırdılar. Həmin siyasi qüvvələrin tarixində belə hadisələr çox olub. Bizim atdığımız addımda da belə bir şeylər olmayıb və olması da mümkün deyil. Ağıllı insanlar, ağıllı siyasi partiyalar başqalarının səhvindən nəticə çıxarır. Həmin partiyaların son illərdə etdiyi səhvlərdən yaxşı dərs çıxartmışıq. Özləri dərs almasa da, bununla bağlı ciddi analizlərimiz və dərslərimiz var. Onlar  bu yolla gediblər deyə düşünürlər ki, başqaları da eyni yolla gedə bilər. Hər halda, bu məsələlər o qədər də önəmli deyil. Hesab edirəm ki, indi bütün diqqəti seçkiyə yönəltmək lazımdır. 

Z.Məmmədli