"Ötən il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addım olub. Bu sənəd Xəzəryanı ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, eyni zamanda Xəzər dənizi bölgəsində sabitlik, tərəqqi və qarşılıqlı etimad mühitinin inkişaf etməsinə xidmət edir".

Unikal.org xəbər verir ki, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair  bir neçə KİV-in suallarını cavablandırarkən deyib. 

Onun sözlərinə görə, Xəzər dənizi regionundakı əməkdaşlıq tərəflərin qarşılıqlı maraqları, bir-birinin ərazi bütövlükləri və suverenliklərinə hörmət əsasında aparılır: "Konvensiya dənizdə həyata keçirilən təsərrüfat-iqtisadi fəaliyyətin davamlılığını və təhlükəsizliyini təmin etməklə, bu cür fəaliyyətin gələcəkdə daha da genişləndirilməsinə münbit zəmin yaradır. Hal-hazırda Konvensiyanın bütün iştirakçılar tərəfindən ratifikasiya olunması qarşımızda duran əsas məsələlərdən biridir. Növbəti mərhələdə Konvensiyanın qüvvəyə minməsi və ondan irəli gələn məsələlərin öz həllini tapması vacibdir. Xatırladım ki, Konvensiyanın səmərəli həyata keçirilməsi məqsədilə Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup fəaliyyət göstərir".

E.Məmmədyarov bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi regionumuz və dünya üçün böyük əhəmiyyət kəsb edən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşdırılmasına böyük töhfəsi olacaq: "Belə ki, artıq regionda fəaliyyət göstərən subyektlər üçün Xəzər dənizinin hüquqi statusu ilə qeyri-müəyyənlik dövrü bitib. Konvensiyada dənizin tranzit potensialının həyata keçirilməsinin vacibliyi nəzərə alınıb, Xəzəryanı dövlətlər üçün ticarət gəmiçiliyinin azadlığı və təhlükəsizliyinin təmin olunması prinsipi təsbit olunub. Azərbaycan hər bir Xəzəryanı ölkə ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu, Xəzərdə qarşılıqlı təhlükəsizliyin və etimadın təmin edilməsi üçün mühüm amildir".