Müxalifətin yeni, həm də köhnə taktikası
Müxalifətin yeni, həm də köhnə taktikası

Uğursuzluq zolağından çıxmaq mümkün olmayacaq

Ictimai Palata yenidən piketlərə başlamaq qərarı çıxarıb və bu mərhələdə piketlər vasitəsi ilə İctimai Palatanın nə edə biləcək, sualına indi cavab axtarılmaqdadır. Amma bu suala bizdə cavab axtarmamışdan öncə rəsmi xəbərə diqqət yetirək. Bakı polisi İctimai Palatanın sabah Milli Məclisin qarşısında razılaşdırılmamış aksiya keçirməsinə imkan verməyəcək.

Bu barədə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov bildirib.
Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: "Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq".
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın noyabrın 2-nə təyin etdiyi aksiya ilə bağlı müraciətə cavab verib. İP katibi Gülağa Aslanlının verdiyi məlumata görə, şəhər rəhbərliyi cavab məktubunda qurumun Milli Məclisin qarşısında piketin keçirilmə istəyini məqsədəuyğun saymayıb. Bundan əlavə, aksiyanın keçirilməsi üçün başqa yer də təklif etməyib.
G. Aslanlı qeyd edib ki, İP aksiyanı keçirməkdə israrlı olduğundan BŞİH-in cavabını qəbuledilməz sayır. Qeyd edək ki, İP Milli Məclisin binası qarşısında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna ediləcək dəyişikliklərə etiraz olaraq, "Sərbəst toplaşma azadlığına qoyulan qadağaya yox deyirik!" şüarı ilə piket keçirəcək.Amma bizi düşündürən məsələ nədən yenə piket, sualına cavab axtarmaqdır.

İctimai Palata dağılmasını ləngitmək istəyir

Qeyd edək ki, müxalifətin əsas güc mərkəzi kimi təqdim olunan İP son bir ayda ciddi ziddiyətlərlə üz-üzə qalıb və indinin özündə də qrumun durumu heç də ürəkaçan deyil. Sonuncu dəfə Ərəstun Oruclu kimi aktiv bir ictimai xadimin İP-dən imtina etməsi əslində İP üçün ağır zərbə oldu. Nəyə görə? İlk növbədə ona görə ki, Ərəstun Oruclu vətəndaş cəmiyyətini təqdim edirdi və onun gedişi, əslində vətəndaş cəmiyyətinin İctimai Palatadan imtinası kimi dəyərləndirilməlidir. Bu isə sözsüz ki, İP-də parçalanmanı daha da sürətləndirəcək. Bu gün isə İP belə bir aksiya keçirtməklə əslində mövcudluğunu nümayiş etdirməyə çalışır.
İP proseslərdən kənarda qalmaq istəmir
İP piketlərə başlamaq qərarını çıxartmaqla həm də proseslərin aktiv iştirakçısı imicini yaratmaq istəyir. Məlum olduğu kimi son aylarda baş verən Quba hadisələrində, istərsə də Gülər Əhmədova qalmaqalında İP lazımi reaksiyanı verə bilmədi və cəmiyyətdə yaranan aktivliyə adekvat cavabı İP verə bilmədi. Bu gün isə aktivlik nümayiş etdirməklə o boşluğu doldurmağa çalışır.

İP reaksiyaları öyrənir

İctimai Palatanın aksiya istəyi həm də cəmiyyətin aktivliyindən istifadə etməklə bağlıdır. Çünki son günlər Gülər Əhmədova qalmaqalı cəmiyyətdə bir ajiotaj yaratdı və İP aktivləri hesab edir ki, qrum ayağa qalxarsa əlavə sosial baza toplaya bilər. Məhz şəhərin mərkəzində razılaşdırılmamış aksiyalar keçirtmək də əlavə güc əldə etməyə hesablanıb. Maraqlıdır, bəs İctimai Palata bu istəklərinə nail ola bilərmi?
Ekspertlər hesab edir ki, bu gün İctimai Palata dağılmağa məhkumdur və cəmiyyətdə hansısa rəy yaratma cəhdi sadəcə uğursuzluqla sona çatacaq. Çünki bu qrumdan yeni istefalarda olacaq və ən əsası İP vahid namizəd məsələsini həll edə bilmədiyindən AXCP ilə Müsavatın üz-üzə gələcəyi gözlənilir. Belə olan halda isə görüntü xarakterli addımlar mənasız olacaq. Digər tərəfdən İP-in aktivlik yaratma cəhdinin də uğursuz olacağı bildirilir. Çünki həssas məqamlarda İP aktivləşə bilmədisə bundan sonra nələrsə edə bilməsi gülüncdür. Xatırlayırsınızsa Gülər Əhmədova olayı bir ajiotaja çevriləndə bundan dindarlar istifadə etdi və ciddi qarşıdurma yaratdılar. Amma əslində bu addımı İctimai Palata atmalı idi və bununla da hadisələrə təsir etmə gücünü göstərməli idi. Amma bunu edə bilmədi. Deməli bundan sonra atılacaq addımlar mənasız olacaq. Nəhayət sonuncu məsələ olan əlavə sosial baza məsələsinə baxaq. Ekspertlər hesab edir ki, İctimai Palata piketlər keçirtməklə sosial bazasını genişləndirə bilməyəcək. Çünki bu qrum özünə olan inamı doğrultmadı və bəzi müxaliflər açıq şəkildə bəyan etdilər ki, İP hakimiyyətlə gizli razılaşmaya gedib. Belə olan halda İP nəinki əlavə sosial baza toplaya biləcək, hətta öz mövcud sosial bazasını da saxlaya bilməyəcək.
Beləliklə demək olar ki, müxalifət yenə səf taktika seçib və bunun uğursuzluğunu da görəcəyik.
Mehdi Əli