"İncəsənət adamıyam, müğənniyəm. Məclisimdə incəsənət dostlarım da olmalıdır. Həkim deyiləm ki, məclisimdə həkimlər iştirak etsin. Əfsuslar olsun ki, bir-iki nəfəri çıxmaq şərti ilə incəsənət aləmində olan dostlarımın əksəriyyəti ad günümə gəlmədilər."

Unikal.org xəbər verir ki, bu sözləri məşhur meyxana ustası Samirə Yusifqızı “Space TV”də yayımlanan “Gəl Dərdini Danış” sosial proqramda deyib. Söz xiridarı onun ad günü məclisinə dəvət alıb, gəlməyən bir çox incəsənət nümayəndələrini asıb-kəsib:

“Hamının “toyum var” adlı bahənəsi var. Anlayıram, mən də el məclislərinə gedirəm. Amma çağırılan yerə gedirəm. Şəxsən güvəndiyim, yaxın bildiyim insanlar, mənim ən xoş günümdə yanımda olmalıdırlar”.

Bu məqamda verilişin aparıcısı Amil Xəlilin “Əməkdar artist Cavanşir Məmmədovdan da incimisiniz? O da ad gününüzə dəvət olunanlar sırasında olsa da, gecədə iştirak etməyib” şərhinə, Samirə “Cavanşir Məmmədovu da yubiley məclisimə çağırmışdım. Amma təəsüf ki, gəlmədi”, - cavabını verib.

Beləcə, Əməkdar artist Cavanşir Məmmədov ilə meyxanaçı Samirə Yusifqızı arasında qalmaqal yaşanıb.

Samirənin qarşı tərəfə səsləndirdiyi ittihamların cavabı özünü çox gözlətməyib. Əməkdar artist  haqqında deyilənlərə bu formada münasibət bildirib:

“Mənə deməmisiniz. “WhatsApp”a mesaj yazıb göndərmisiniz. Mənim isə “WhatsApp” proqramından anlayışım yoxdur. Evdəkilər oxuyub, çatdırdılar ki, “Samirə ad günü edir, səni də məclisinə çağırır”.

Proqramın aparıcısı Amil Xəlilin “Bəs niyə getmədiniz?” sualına isə əməkdar artist “Neçə dəfə getmisən Samirənin keçirdiyi məclislərə?”, - deyərək qarşı tərəfi susdurmağa çalışıb və fikirlərini bu cür davam etdirib:

“Nəinki Samirənin övladlarının toyuna, hətta qızının və özünün ad günü məclislərinə getmişəm. İndi Samirədən soruşun görək “Mən onu nə vaxtsa öz məclisimə dəvət etmişəm?” Cəmi bir dəfə öz oğlumun toyunda Samirəyə əziyyət verib, dəvət etmişəm. Əvvəla, mən Samirənin yubileyi olduğunu bilmədim. Demək olar ki, hər gün görüşürük. Samirəni 30 ildən artıqdır ki, tanıyıram. Aramızda normal münasibətimiz, hörmət-izzətimiz var. Ad gününə çağırmaq istəyirsənsə, dəvəti mesajla niyə göndərirsən?

Sənin borcundur ki, görüşüb, üz-üzə dəvət edəsən. Bəyəm mən uşağam ki, sən mənə “WhatsApp”la mesaj yollayıb, ad gününə çağırırsan? Tutalım xəbərim oldu, getmədim. Bilirsən niyə görə getmədim? Çünki bir adamın məclisinə üç-dörd dəfə gedirəm. Özü də yubileylərə mütləq gedirəm. Efirdə də demişəm ki, mən ad günlərinə getmirəm. Hər şeyin qaydası var”.

Əməkdar artistin iradlarını haqlı olaraq qəbul edən Samirə Yusifqızı “Cavanşir müəllimin sözündə həqiqət var. Mən dəvəti şəxsən ona demədim. Firuzə xanıma şəxsən dedim. Cavanşir müəllim də yanında durmuşdu. Elə dedim ki, yəni Cavanşir müəllim sizə də aiddir. Siz də ad günümə gəlin. Ayrıca onunla bu haqda danışmadım”, - deyərək məsələyə aydınlıq gətirib.

Sözləri ilə aranı sakitləşdirməyə çalışan Samirənin fikirləri C.Məmmədovu qıcıqlandırıb. Əməkdar artistin cavabı sərt olub: “Mənim adım nə Firuzədir, nə də ki, Firuzənin adı Cavanşirdir. Onun evi-eşiyi, qazancı ayrı, Cavanşirin ayrı. Biz Firuzə ilə ayrı-ayrı insanlarıq. Amma sən məni saymırsansa, mən səni necə sayım? Biri 53, digəri 54 yaşını qeyd edir. Bu kimi məsələləri yığışdırın. Ailədaxili nə istəyirsiniz, edin. Mənə söylədilər ki, Samirə 53 yaşını qeyd edir. Səhv məlumat olubsa, eybi yox. Hər il pul yığmaq üçün keçirilən ad günlərinə getməli deyiləm”.