Bu gün İqtisadiyyat Nazirliyi 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Unikal.org-un verdiyi xəbərə görə, bunu Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Mikayıl Cabbarov çıxışında bildirib ki, 2019-cu ildə Ümumi Daxili Məhsulun real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib:

"Qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1,9 milyard ABŞ dollarını ötüb. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib".

M. Cabbarov qeyd edib ki, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək, orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Həmçinin, orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əmək haqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır. 

Nazir əlavə edib ki, vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır:

2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7.672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb. Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir. Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5.432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb.

Qeyd edilib ki, regionlar üzrə daxilolmalar 11,9 faiz artaraq 795,4 mln. manat olub.

Nazir bildirib ki, şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaradır. 

M.Cabbarov vurğulayıb ki, bu dinamika fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərin verilməsi şəraitində formalaşıb. Əmək bazarının leqallaşdırılması məqsədilə ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8000 manatadək olan əmək haqları gəlir vergisindən azad olunub.

Nəticədə 300 milyon manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb. Bu islahatın səmərəsi əmək müqavilələrinin dinamikasında aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minə yaxın (18,3 faiz) artıb. Əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalara müsbət təsir edib. 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1 faiz artıb. Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirib və büdcədən transfertin DSMF-nin gəlirlərində payının 2017-cı ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizə enməsi gözlənilir.