Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Qobu qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Unikal.org xəbər verir ki, RİH başçısı İ.Gülməmmədova son illərdə rayonda və Qobu qəsəbəsində görülən işlərdən danışıb. Cənab Prezident İlham Əliyev tərəfindən Qobu qəsəbəsinin 5 küçəsinin asfaltlanması ilə bağlı verilən sərənamdan söz açan icra başçısı bu sərəncamın qobu sakinlərinə dövlətin göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu önə çəkib. Qəsəbənin günü-gündən böyüdüyünü, əhalisinin sayının artdığını qeyd edən başçı bununla əlaqədar olaraq lazimi tədbirlərin görüldüyünü, qarşıya çıxan ehtiyacların qarşılanması istiqamətində layihələrin həyata keçirildiyini bildirib.

Sonra Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov hesabat xarakterli çıxış edərək görülən işlər, həyata keçirilən abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat verib. Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu bildiriblər. Bununla yanaşı yeni salınan yaşayış massivlərinə telefon xəttinin çəkilməsində, daxili yolların abadlaşdırılmasında və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.