Bu gün Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı və RİH-də təcrübə keçən “ASAN könüllü”lərinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.

Unikal.org xəbər verir ki, Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində baş tutan ağacəkmə aksiyasında İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və könüllülər iştirak edib.

Əvvəlcə 20 Yanvar faciəsi zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra İ.Gülməmmədova və aksiya iştirakçıları 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə 147 ədəd Eldar şamı və sərv ağacı əkiblər.

Ağaclardan soyqırımı zamanı şəhid olan soydaşlarımızın adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.

20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisənin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyada rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin yuxarı sinif şagirdləri də aktiv şəkildə iştirak edib.