Vətəndaşlar deputatlığa namizədi evinə dəvət etdi, problemlərini ona yerindəcə nümayiş etdirdi

Unikal.org xəbər verir ki, bu gün seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu seçicilərlə Naximov küçəsində görüş keçirib. Namizəd görüşdə bu günün 20 Yanvar faciəsinin ildönümü ilə əlamətdar olduğunu deyərək, şəhidlərimizə Allahdan rəhmət diləyib, onların ruhunu bir dəqiqəlik sükutla yad edib. O, eyni zamanda ölkəmizin müstəqilliyinin bərqərar olmasında onların mübarizəsinin böyük rol oynamasını, 20 yanvar faciəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

R.Arifoğlu daha sonra əhalini narahat edən problemlərdən bəhs edib, onların həlli üçün çalışdıqları bildirib. O, qeyd edib ki, Naximov küçəsində olan yol problemindən, qəzalı binalardan, dam örtüyünün, zirzəmilərin, həyətlərdə uşaqlar üçün şəraitin olmamasından xəbərdardır. Namizədin sözlərinə görə, “Abad həyət” layihəsinin buraya gəlişi məhz bu səbəbdən zəruridir.

R. Arifoğlu həmçinin keçdiyi mübarizə yolundan, vətən uğrunda savaşından, rəhbəri olduğu qəzetin tarixi fəaliyyətindən danışıb. “Mən bu mübarizənin yollarından keçmiş, sizin övladlarınızdan biriyəm” deyən namizədin sözlərinə görə, olduğu hər yerdə millətinin sözünü deyib. Əhalinin əsas, yanan problemlərindən başlayıb, daha sonra ümumi qayğılarının həllinə keçəcəyini vəd edən namizəd seçkinin başlanmasını gözləmədən bu problemlərin yoluna qoyulması üçün müvafiq qurumlara müraciət edəcəyini vurğulayıb.
R.Arifoğlu həmçinin özünün seçki platformasından bəhs edərək qarşıdakı 5 ildə ətrafındakı jurnalist ordusu ilə vətəndaşların yanında olacağını vəd edib. Ölkənin ən böyük media orqanına rəhbərlik etdiyini deyən namizəd bu bölgənin insanlarının problemlərini işıqlandırmaq və həllinə nail olmaq imkanlarından bəhs edib.

Deputatlığa namizəd vətəndaşları narahat edən problemləri dinləməyə hazır olduğunu və onların həlli ilə bağlı onların səslərini aidiyyatı qurumlara çatdıracağını bildirib: "Bizim böyük bir komandamız var və onlar qarşıdakı 5 ildə sizinlə olacaqlar. Sizi əmin edirəm ki, heç 5 ildən sonra məni buraxmaq istəməyəcəksiniz".

Böyük bir qələbəliyin toplaşdığı görüş zamanı sakinlər bir-bir R.Arifoğluna yaxınlaşaraq, öz məişət problemləri barədə onu məlumatlandırıblar. Qonşu binalardan görüşə gələn bir çox sakinlər deputatlığa namizədi yaşadığı evə dəvət edərək, ondan həmin çatışmazlıqları gözü ilə görməsini istəyiblər. R.Arifoğlu və onun seçki qərargahının üzvləri həmin sakinlərin evlərinə gedib, yerindəcə problemləri ilə maraqlanıb və qeydlər götürüblər, eləcə də bu problemləri müvafiq qurumların qarşısında qaldıracaqlaını bildiriblər.