65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun seçicilərlə silsilə görüşləri davam edir.

Unikal.org xəbər verir ki, növbəti görüş bu gün Kürdəmir rayonunun Mollakənd kəndində baş tutub. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli son illər rayonda görülən işlər, inkişafın göstəricisi olan tədbirlərdən söz açaraq qeyd etdi ki: “Rayon səviyyəsində görülən işlərdə hörmətli millət vəkilimiz akademik Əhliman Əmiraslanovun da xüsusi töhfəsi olub. O, hər zaman seçicilərinə dəstək olub, bir çox məsələlərdə onlara yardım edib. Həm yüksək ixtisaslı həkim kimi, həm də digər sosial məsələlərin həllində köməyini əsirgəməyib”.  Çıxışının sonunda YAP rayon təşkilatının sədri hər kəsi 9 fevralda Əhliman Əmiraslanova səs verməyə çağırdı. 

Görüş zamanı akademik Əhliman Əmiraslanov sakinləri maraqlandıran məsələlərdən söz açaraq, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə, o cümlədən Kürdəmir rayonunda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə məlumat verib. Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərlə həmişə  məşğul olduğunu və müvafiq strukturların rəhbərləri ilə bu problemlərin həll olunması məqsədilə görüşlər keçirdiyini seçicilərin diqqətinə çatdırıb: “Mənim iş günüm seçicilərlə görüşdən başlayır. Bacardığım qədər hər kəsə yardım etməyə çalışmışam və bundan sonra da belə olacaq”.

Görüşə toplaşan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kəndlərindən olan seçicilər vurğulayıblar ki, Ə.Əmiraslanov dəfələrlə ağır xəstəliyi olan insanların müayinə və müalicə olunmasında onlara yardım edib və çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatını təşkil edib. Kənd sakinləri məmununiyyətlə qeyd ediblər ki, Əhliman Əmiraslanov həmişə seçicilərinin dərdinə şərik olub, mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib və insanları narahat edən məsələlərin həllində onlara yaxından köməklik göstərib.  Tədbirdə çıxış edən yerli sakinlər deputatın həmişə seçicilərinin etimadını layiqincə doğrultmasından söz açaraq  9 fevral seçkilərində də, növbəti dəfə Əhliman Əmiraslanovun namizədliyini dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.