Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, nazirlərin görüşü 7 saat davam edib.

"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib. Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər", - deyə XİN rəsmisi vurğulayıb.

L.Abdullayeva qeyd edib ki, sabah danışıqların növbəti raundu keçiriləcək.

XXX

14:31

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində məlumat paylaşıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli ilə bağlı məsələləri müzakirə edəcək.