80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlərdən biri Quliyev Fəyyaz Əbdi oğlu dünən  doğulduğu İmişli rayon Sarıxanlı kəndində seçiciləri ilə  görüş zamanı sensasion bəyanatla çıxış edib. 

Unikal.org xəbər verir ki, çox güclü namizədlərdən biri və arxasında sosial bazası və seçicisi olan nüfuzlu namizəd  Fəyyaz Quliyev namizədliyini geri götürüb: “Müəyyən dostlar bizə müraciətlər edib. İkimizdən birimizin qalmasını və birimizin digərinə dəstək verməsini xahiş ediblər. Çox götür-qoy etdikdən və Çingiz Qənizadənin mənə müraciətindən sonra namizədliyimi geri götürmək qərarı verdim”.

Fəyyaz Quliyev  həmçinin  seçicilərini Çingiz Qənizadəyə səs verməyə çağırıb.

Məsələ ilə bağlı Çingiz Qənizadə bildirib ki, Fəyyaz Quliyevlə uzun illər hüquqşünas kimi dost münasibətlərinin olmasını təsdiqləyib:

“Fəyyaz Quliyev bu el-obada  böyük nüfuz sahibidir. Hər ikimizin ortaq dostlarımız var. Həmin o ortaq dostlar bizi danlayırdı ki, seçki prosesində ikinizdən biriniz qalın. Mən də məsələ ilə bağlı Fəyyaz müəllimə müraciət etdim. O da böyüklük göstərərək namizədliyini mənim xeyrimə geri götürdü. Düzdü, Fəyyaz müəllimin bu qərarına etiraz edənlər də oldu. Lakin Fəyyaz müəllim təkrar söz alaraq onun qərarına hörmətlə yanaşmasını həm seçicilərindən, həm də həmkəndlilərindən xahiş etdi. Böyük ürək sahibi olduğuna görə, Fəyyaz müəllimə təşəkkür edirəm”.