“Masallıda dünən 19 yaşlı əri İman Məmmədov tərəfindən boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı hadisə hər kəs kimi məni də üzdü”.

Bu sözləri Unikal.org-a Masallının Bədəlan kəndində anadan olan, əməkdar artist Baloğlan Əşrəfov deyib. 

“Bizim dövlətimizin ailə qurmaq üçün qanuni normativ sənədləri var. Qanunda göstərilir ki, evlənmək üçün hansı yaş həddi olmalıdır. Bunu gözləmək lazımdır. Hələ dəqiq bilinmir ki, hadisə nəyə görə baş verib. Mən də bu hadisəni televiziyada və saytlarda oxumuşam. Belə erkən nigahlara çox pis münasibət bəsləyirəm. Valideyinlər diqqətli olmalıdırlar. Onlar başa düşməlidir ki, övladlarının nigah qurmaq üçün yaşaları çox azdır. Elə məsələlər ortalığa çıxa bilər ki, onlar çox pis vəziyətdə qala bilərlər. Dünənki hadisə bunu bir daha təsdiqlədi. Mən Azərbaycanın müğənnisiyəm. Məni Tovuz, Qazax, Mingəçevir və digər bölgənin nümayəndələri də sevirlər. Amma baş verən bu hadisəni rayonum üçün çox biyabırçı hadisə kimi qiymətləndirirəm”. 

Baloğlan Əşrəfov erkən nigahları təkcə cənub bölgəsinin adına yazılmasına da etiraz edib: 

“Bu cür nigahlar təkcə cənub bölgəsində deyil, əksər  rayonlarda qeydə alınır. Mən şəxsən özüm dəfələrlə müxtəlif bölgələrimizdə erkən ailə quran cütlüklərin toyunda oxumuşam. Toya dəvət almışam. Toy günü bilmişəm ki, gəlinin və yaxud bəyin nigah üçün yaşı azdır. Soruşanda isə deyiblər ki, toyunu edirik, cütlüklər bir yerdə yaşları çatana qədər yaşamayacaq. Yaxud başqa bəhanə gətirirlər. Onların toyunda oxusam da iradımı da bildirmişəm”. 

Gülayə Məcid