Novruz Aslanovun Çəmənli kəndində və İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində ağsaqqallarla və ziyalılarla görüşü olub.

Unikal.org xəbər verir ki, Çəmənli kəndində səmimi mühitdə keçən görüşdə Novruz Aslanov seçicilərə respublikada həyata keçirilən, xüsusilə bölgələrin sosial-iqtisadi inkişafı sahəsindəki uğurlardan, rayonlarda yaşayan sakinlərin məşğulluğunun təmin olunması üçün dövlət tərəfindən keçirilən zəruri layihələr barədə məlumat verib. Görüş zamanı sakinləri maraqlandıran bəzi məsələlər də müzakirə mövzusu oldu.

İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində kafedə baş tutan görüşdə ağsaqqallar və ziyalılar Novruz Aslanovu salamlayaraq onunla görüşdən məmnun olduqlarını bildirdilər. Novruz Aslanov qanunvericilik sahəsindəki yeniliklərdən, sosial sahəyə dövlətin xüsusi diqqətindən danışıb. Seçicilər də öz çıxışlarında namizədə uğurlar arzulayaraq, onun bir çox rayon sakinlərinin problemlərinin həllinə biganə qalmamasından, imkan daxilində etdiyi köməklikdən danışdılar. Namizəd qanun yaradıcılığı istiqamətində görülən işlərdən, qanunlara edilən əlavə və dəyişikliklərdən söhbət açıb. Ziyalılar rayon mərkəzində belə görüşlərin tez-tez keçirilməsini namizəddən xahiş etdilər.

Məlumat üçün bildirək ki, Novruz Aslanovun kəndlərdəki görüşləri sona çatıb, növbəti görüşlər İsmayıllı şəhərində davam etdiriləcək.