"Avropa Şurası Parlament Assambleyası tərəfindən kütləvi informasiya vasitələrinin azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul edilmiş qətnamədə Azərbaycanla bağlı söylənilən fikirlər bu qurumun ölkəmizə qarşı qeyri-obyektiv, qərəzli mövqeyinin nəticəsidir".

Unikal.org xəbər verir ki, bunu Baş nazirin keçmiş müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov deyib. 

Onun fikrincə, belə qənaətə gəlmək olar ki, bu təşkilat üzv ölkələrin sanki bütün problemlərini artıq həll edib: "Qalıb yalnız bir siyasi məhbus problemi, o da guya Azərbaycandadır. Bəzi beynəlxalq təşkilatların zaman-zaman Azərbaycana qarşı belə ədalətsiz münasibətinin əvvəllər də şahidi olmuşuq. Özü də ölkəmizdə mühüm siyası kampaniyaların keçirildiyi dövrlərdə. Bu, sadəcə, gözügötürməzlikdən, paxıllıqdan, beynəlxalq ictimaiyyəti çaş-baş salmaq niyyətindən başqa bir şey deyil".

Ə.Həsənov bildirib ki, nüfuzlu beynəlxalq qurumların müəyyən etdiyi reytinq cədvəllərində Azərbaycanın mövqeyinin ildən-ilə möhkəmləndiyi, ölkəmizin pillə-pillə irəlilədiyi, yeni uğurlara imza atıldığı qeyd olunur: "AŞPA kimi qurumlar isə bizə çatanda, nədənsə, hər şeyi qara rəngdə görürlər. Qara eynəyinizi çıxardın, cənablar, kimlərinsə əlində oyuncaq olmaqdan əl çəkin! Bəlkə, onda yaxın ətrafınızda nələrin baş verdiyini, nəhayət, anlayasınız. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin noyabrında BDU-nun 100 illiyi ilə bağlı tədbirdə çıxışında belə demişdi: “Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq”. Olduqca dəqiq və dahiyanə fikirdir! Sübut da göz qabağındadır".