Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Milli Televiziya və Radio Komissiyasının (CTR) sədri Tiqran Hakobyan tərəfindən xarici ölkə kanallarının yayımının məhdudlaşdırılmasına dair fikirlərinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, T.Hakobyan yanvarın 29-da keçirilən mətbuat konfransında bu fikirlərini əcnəbi kanallar tərəfindən mövcud qaydalar pozularsa, əllərində onlara təsir mexanizminin olmaması ilə əsaslandırıb. O, bu mövqeyini Rusiya səfirliyinə çatdırdığını, qarşı tərəfin razılaşdığını qeyd edib.

Bununla bağlı Rusiya səfirliyi “Facebook”dakı səhifəsində səfirin sözügedən məsələ ilə bağlı razılıq bildirməsi barədə CTR sədrinin şərhini təəccüblə qarşıladıqlarını açıqlayıb.

Qeyd edək ki, Ermənistanın rəqəmli yayın zərfinə 27 kanal, o cümlədən Rusiyanın 4 kanalı və ABŞ-ın bir (CNN) kanalı daxildir.