FİDE şahmatçıların fevral reytinqini açıqlayıb.

Unikal.org xəbər verir ki, yanvarda baş tutan oyunların da əksini tapdığı siyahıda Azərbaycanın 7 şahmatçısı yer alıb.
 
Onlardan 4-ü kişi qrossmeysterdir ki, təmsilçilərimizdən ikisi ilk “onluq”dadır. Milli üzvlərindən ən yaxşı göstərici yenə Şəhriyar Məmmədyarova məxsusdur. 2770 xala malik 35 yaşlı qrossmeyster ötənaykı mövqeyini qoruyaraq 8-ci yerdə qərarlaşıb.

Teymur Rəcəbov isə irəliləyişə nail olub. İlk “onluq”a daxil olan qrossmeysterimiz 2765 xalla 10-cudur.

4 pillə irəliləyərək, 67-ci yerə qalxan Nicat Abasov 2670 xala malikdir. Digər milli üzvü Qədir Hüseynov (2666) 2 rəqibini keçərək 72-cidir. Ötən ay ilk “100-lük”də olan Rauf Məmmədov isə siyahını tərk edib.

Bu siyahıda Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2842) ikinci, Dinq Liren (Çin, 2805) üçüncüdür.

Qadınlar şahmatçılar arasında isə 3 təmsilçimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2455) 28-ci, Gülnar Məmmədova (2386) 75-ci və Ülviyyə Fətəliyeva (2377) 86-cı pillədədir. Sonuncu iki şahmatçı müvafiq olaraq, 2 və 1 pillə irəliləyib.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2664) birincidir.